Lənkəranda torpaq sürüşməsi baş verib FOTO
6 yaşayış məntəqəsini birləşdirən yolda hərəkət çətinləşib
Lənkəran rayonunun altı yaşayış məntəqəsini birləşdirən Hikan–Daşdatük–Biləsər avtomobil yolunda təhlükəli vəziyyət yaranıb. Baş verən torpaq sürüşməsi nəticəsində yolun bir hissəsi yararsız hala düşüb.
Əvvəllər yolun yalnız bir hərəkət hissəsində müşahidə olunan sürüşmə artıq genişlənərək ərazinin böyük hissəsini əhatə edib. Torpaq kütləsinin aktiv hərəkəti nəticəsində yolun bir neçə metrliyində ciddi çatlar və çökmələr yaranıb. Ərazidəki irigövdəli ağaclardan biri sürüşmənin təsiri nəticəsində kökündən qoparaq yol kənarına aşıb.
Hazırda sürüşmə baş verən ərazidə yolun hər iki hərəkət istiqaməti yararsız vəziyyətdədir. Buna görə də sürücülər həmin hissədən keçərkən yolun kənarı ilə hərəkət etməli olurlar. Nəticədə ərazidə yağıntı sularının axıdılması üçün nəzərdə tutulmuş beton arx da zərər görüb. Mövcud vəziyyət nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə yanaşı, ərazidə təhlükəni daha da artırır.




Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazi hazırda nəzarətdə saxlanılır. Yaxın vaxtlarda bərpa işlərinin aparılması üçün burada geoloji-kəşfiyyat işlərinin görülməsi zəruridir. Qeyd edilib ki, qeyri-sabit hava şəraiti bu prosesi bir qədər ləngidib. Lakin yaxın müddətdə həmin işlərin icrası təmin ediləcək, bərpa tədbirləri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.
1 dəqiqə