Lökbatanda yanğında 4 nəfər ölüb, 2-si uşaqdır YENİLƏNİB

Hadisə “Qobu Park-1” yaşayış kompleksi ərazisində olub VİDEO

  • Oxuma müddəti:

    6 dəqiqə

  • 14:31

    Lökbatanda baş verən yanğınla bağlı ilkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib.

    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, yanğın nəticəsində meydana gələn qatı tüstüdən binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları, 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün, 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

    Qeyd olunub ki, yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür.

    ***

    12:24

    Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.

    Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.

    İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaqdır.

    Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

    ***

    10:57

    Lökbatanda yanğında ölənlərin adları açıqlanıb.

    Yanğında Zülfiyyə Yusifova (1998), onun iki azyaşlı övladı Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və qonşu mənzildə yaşayan Yusif Hüseynov (1953) ölüb.

    ***


    08:57

    05.12.2025-ci il tarixində saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

    Bu barədə TƏBİB-in Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

    Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

    Bir nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

    ***

    08:15

    Baş Prokurorluğun Mətbuat xidməti bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

    Bildirilib ki, yanğının baş vermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.

    Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.

    Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

    Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

    ***

    07:44

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

    Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

    Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

    ***

    06:05

    Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

    İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.

    Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki dəqiq məlumat yoxdur.

    Faktla bağlı araşdırma aparılır.