Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olunub
FHN xəbər verir YENİLƏNİB / VIDEO
10:39
Qaradağ rayonunun Lökbatan qəsəbəsində anbarda yanğının baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” Qaynar xəttinə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Xilasetmə Xidmətinin, eləcə də Bakı Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub. Yanğının anbar ərazisində baş verməsi, hava şəraitinin küləkli olması və mürəkkəbliyi nəzərə alınaraq yanğın yerinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə, 190 nəfər şəxsi heyət, 40-a yaxın müxtəlif təyinatlı xilasetmə yanğın texnikaları hadisə yerinə cəlb edilib
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev deyib.
O bildirib ki, eyni zamanda, iki ədəd heliokopter yanğının söndürülməsi prosesində iştirak edir: “Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Yanğın yerinə bitişik olan digər anbar yanğından tam olaraq mühafizə edilib. Hazırda yanğın baş verən anbarın daxilində söndürülmə işləri əməkdaşlar tərəfindən həyata keçirilir. Həmin anbarda müxtəlif təyinatlı mallar var. Hadisənin başvermə səbəbi isə hələlik məlum deyil. Bununla bağlı araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.
***
09:42
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
VIDEO
***
08:46
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.
***
08:34
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədilə əraziyə FHN Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan yoxdur.
***
07:34
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in kifayət qədər texnikası və canlı qüvvəsi cəlb edilib.
***
06:45
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir
3 dəqiqə