Malıbəyli kəndi Xocalıya verilir
Bu, inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub
Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan bir sıra kəndlər Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək.
Bu, “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində qeyd olunub.
Belə ki, Şuşanın Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı ərazisinə daxil edilməsi nəzərdə tutulub.
Bundan başqa, qanun layihəsinə görə, Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sancalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhknəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə veriləcək.