Maltada Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransı
Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valettada Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib.
Çıxışı zamanı nazir ölkəmizin COP29-a sədrliyi, ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar istiqamətləri üzrə təşəbbüsləri, habelə postmünaqişə dövründə bölgədə vəziyyət barədə danışıb.
Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizə istiqamətinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Eyni zamanda, onlarla təşəbbüs və əhəmiyyətli tədbirlər ilə yanaşı, COP29 çərçivəsində əvvəlki iqlim maliyyəsi hədəfini 3 dəfə üstələyərək 300 milyard dollara çatdıran Bakı Maliyyə Məqsədinin qəbulu, Paris sazişinin əsas hissəsi olan 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun növbəti ildən fəaliyyətə başlamasının təmin olunmasının sədrliyimizin ən əhəmiyyətli uğurları sırasında olduğu qeyd edilib.