BLOQ

Məhəmməd Əmin Rəsulzadə musiqi tənqidçisi kimi

Rəsulzadə - 140: “II Beynəlxalq Rəsulzadə Qiraətləri”

Məhəmməd  Əmin Rəsulzadə musiqi tənqidçisi kimi
  • Oxuma müddəti:

    9 dəqiqə

  • Etiraf edim ki, təqdim olunan bu məqaləni “II ...Qiraətlər”in ən “ləzzətli”, ən “şirin” və ən orijinal yazısı sayıram. Əvvəlcə “orijinal” tərifinə aydınlıq gətirim. Belə ki, sənətşünaslıq doktoru, professor Zümrüd xanım Axundova-Dadaşzadə ilk dəfə yeni və konkret mövzuda, sırf tənqidi-obyektiv yanaşma üslubunda mükəmməl bir tədqiqat əsəri yazıb. Digər epitetlər isə artıq məqalənin adında əks olunub: “Milli ruha tərcüman olan böyük sənət”. Məhəmməd Əmin Rəsulzadə musiqi tənqidçisi kimi”.
    Zümrüd Dadaşzadə
    Beləliklə, söhbət musiqidən və Rəsulzadənin hətta bu sahədə də bir peşəkar kimi çıxış etməsindən gedir. İnanın ki, Zümrüd xanım Rəsulzadənin öz əsərlərinə və dövrün hadisə və faktlarına istinadən qarşısına qoyduğu vəzifənin tam öhdəsindən gəlib: “Məqalənin məqsədi Rəsulzadənin yazılarında qaldırılan problemləri – onun musiqili teatr, opera və operetta, Azərbaycan musiqisinin inkişaf yolları, musiqidə milli mənliyin, ali sənət meyarlarının qorunmasına dair fikirlərini açıqlamaqdır.”

    Məhəmməd Əmin bəyin bu sahəyə marağı və ən ciddi surətdə yanaşmasını da Müəllif sadəcə zövq, əhval-ruhiyyə, əyləncə həvəsi ilə deyil, sırf ictimai-siyasi kontekstdə izah edir. XX əsrin əvvəllərində Azərbaycanda vüsət alan milli oyanış hərəkatının mətbuatın gur inkişafı ilə sıx təmasda baş verirdi, Azərbaycan intellektualları da cəmiyyətin həyatında, o cümlədən maarif, ədəbiyyat, mədəniyyət sahələrində aktual məsələlərin müzakirəsinə qəzet və jurnal səhifələrində həvəslə qatılırdı. Dövrün tanınmış qəzetçisi və publisisti M.Ə.Rəsulzadə təbii ki, bu baxımdan xüsusilə fəal idi. Belə ki, milli şüurun inkişafı, azərbaycanlıların milli kimliyinin təsdiqi, türkçülük ideyalarının beyinlərə hakim kəsilməsində ədəbiyyatla yanaşı musiqi sənətinin də rolunu düzgün qiymətləndirirdi. Təsadüfi deyil ki, Rəsulzadənin geniş, mövzuca rəngarəng publisistik irsində təhsil, mədəniyyət, teatr və yenicə təşəkkül tapmaqda olan yeni tipli musiqi sənətinə dair resenziyalar, qeydlər də əhəmiyyətli yer tutur.
    “Azadlıq və müstəqillik əsgər süngüləri ilə deyil, incəsənət və ədəbiyyatla əldə olunur” – deyən Rəsulzadə baş redaktoru olduğu, müntəzəm əməkdaşlıq etdiyi qəzet səhifələrində cari mədəni həyat, səhnə üzü görən əsərlər haqqında mütəmadi olaraq fikirlərini bölüşürdü. Bu yazılar arasında musiqili teatra aid məqalələr ayrıca qeyd olunmalıdır, çünki, dövrün ziyalıları teatrı ən mühüm, ən aktual ideyaların bəyan olunduğu ali tribuna hesab edirdilər.

    Məqalədə musiqili teatr quruculuğunun həmin dövr böyük fikir qütbləşməsi, şiddətli polemika şəraitində baş verdiyi, ilk tamaşaların misilsiz müvəffəqiyyəti fonunda, musiqili teatrı da, onun Azərbaycanda məxsusi təşəkkül formasını (muğam operası kimi) tənqid edənlərin az olmadığı, hətta “Leyli və Məcnun”un premyerasından təxminən on il sonra belə Üzeyir Hacıbəyli və onun opponentləri arasında kəskin polemika getdiyi, bu zaman qabaqcıl Azərbaycan aydınlarının və o sırada Rəsulzadənin Üzeyir bəyin yeni milli musiqi mədəniyyəti uğrunda mübarizəsini dəstəklədiyi göstərilir.

    Müəllifə görə Rəsulzadənin və digər ziyalıların “burada və indi” baş verənləri əks etdirən yazıları əsl musiqi tənqidi nümunələri olmaqla bərabər, həm də o dövrün nəbzini duymağa, hansı problemlərin gündəmdə olduğunu dəqiq təsəvvür etməyə imkan verir. Musiqişünas olmadığını vurğulayan, eyni zamanda: “Musiqi məndə həmişə gözəl təsirlər oyadar, lətif duyğular bəxş edər, hələ milli ruh, aşina nəğmələr çalınarsa mənliyimi yenə təxətir etdirər (yada salar), sevindirər” – etirafı edən Rəsulzadə bununla belə verdiyi rəylərdə olduqca qətiyyətlidir. Məs., Mirzə Cəlal Yusifzadənin S.Oqanezaşvili ilə birlikdə yazdığı “Fərhad və Şirin” operası onda tam əks duyğular oyatmış və “Əgər milli musiqi bu isə min kərə haram olsun” kimi amansız verdikti doğurmuşdu. Rəsulzadə “Leyli və Məcnun”un aşağı səviyyəli təqlidi olan bu tamaşanın operanı hörmətdən salacağından, onun “mövcuduna lənət oxuyanların” sayını artıracağından narahat olmuş və tamaşanı hazırlayanlardan həyəcanla “sənət və ədəbiyyata məhəbbət” ricası etmişdir.

    Zümrüd xanımın məqaləsi bu cür maraqlı və heyrətamiz nümunələrlə zəngindir. Xüsusilə Üzeyir Hacıbəyovun həmin dövr yaratdığı “Əsli və Kərəm”, “Arşın mal alan” və d. əsərlərinə həsr olunmuş yazılar ətraflı təhlil edilir və bu zaman Rəsulzadənin hətta öz dostunun yaradıcılığına da tənqidi yanaşdığı göstərilir. Belə ki, Rəsulzadənin “Arşın mal alan”a münasibəti heç də birmənalı olmamışdır. “Görmədən evlənməyi” ictimai bəla adlandıran tənqidçi “bir taqım səhih və salim fikirlərdən məhrum” olmayan bu tamaşanın ciddiyyətə deyil, həzzə əhəmiyyət verən, “xalqı mümkün qədər çox yığıb çox güldürmək və onun zəif damarından tutub tamaşaya çəkmək üçün yazılan” operetta janrının nümunəsi saymış, bununla belə həmin operettanı “fars” kimi töhmətləndirənlərə etiraz edərək, onu “xəfif məşru musiqili bir komediya” kimi təsnif etmişdir. Bu məqamı Rəsulzadənin bütövlükdə operetta janrına sərin münasibəti ilə izah edən Müəllif onun “Arşın mal alan” haqda rəyinin bir ildən sonra mülayimləşdiyinə, əsərin kökündə duran əsas problemin ifadə üsulunu layiqincə qiymətləndirdiyinə diqqət çəkir və bu zaman öz fikrini cəmi bir cümlə ilə dəqiq ifadə etmək məharətini nəzərə çatdırır: “İctimai azarımızı operetta zəminində gülgü və “keyf” ilə qarışdıraraq tənqid edən lətif bir əsər”!

    Rəsulzadə-Üzeyir Hacıbəyli münasibətləri məqalənin ikinci hissəsinin leytmotivini təşkil edir. Zümrüd Axundova-Dadaşzadə məslək və əqidə dostu olmuş bu iki dühanın həyat yolları məcburən ayrıldıqdan sonrakı hadisələri geniş tarixi kontekstdə izləyir. Üzeyir bəyi Sovet Azərbaycanının simvoluna çevirmək, onun “qırmızı marşları” ilə Rəsulzadəyə acıq vermək kimi təxribatçı yazılar nəzərdən keçirilir, bununla belə Rəsulzadənin Üzeyir Hacıbəyov haqqında fikrinin və ona Azərbaycanın ictimai-mədəni həyatında verdiyi yüksək dəyərin heç vaxt dəyişmədiyinə dair nümunələr gətirilir. Bu zaman Rəsulzadənin Üzeyir Hacıbəylinin vəfatı ilə bağlı yazdığı nekroloq-məqalə ətraflı təhlil edilir.

    Məhəmməd Əmin Rəsulzadənin musiqiyə həsr olunmuş yazılarının Azərbaycanda musiqi tənqidinin formalaşmasında mühüm rol oynadığı vurğulanan bu məqalədə onun 1918-20-ci illərdə həyata keçirilən mədəni layihələrdə roluna da toxunulur, xüsusilə onlardan biri - Cümhuriyyət dönəmində türk xalqlarının inteqrasiyası naminə təşkil olunmuş möhtəşəm “Türk gecəsi” yüksək qiymətləndirilir. Müəllifə görə dövrün tanınmış sənət adamlarının hazırladığı və Rəsulzadənin başçılıq etdiyi bu tədbir: “Azərbaycan Cümhuriyyətinin ilk dəfə dövlət səviyyəsində bütün türk xalqlarını tarixi-mədəni müstəvidə bir araya yığmaq təşəbbüsündən və bu sahədə gələcək planlarından xəbər verirdi. Bu baxımdan azərbaycanlıların bir müsəlman-türk xalqı olmaqla musiqi və mədəniyyət (teatr, opera, operetta) sahəsindəki nailiyyətləri Azərbaycan Cümhuriyyətinə və Azərbaycan xadimlərinin bu işdə öncül olmaq haqqını təsdiq edirdi.”