“Məlikçobanlı” vulkanı püskürdü
Bu vulkanın püskürməsi 1926, 1967, 1977, 2019-cu illərdə də müşahidə olunub
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi 2024-cü il martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində “Məlikçobanlı” palçıq vulkanının növbəti - 5-ci püskürməsini qeydə alıb.
AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsindən bildirilib ki, püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəqiqə davam edib. Palçıq vulkanının zəif və səthi püskürməsi səbəbindən püskürmə iki - “Zərnava” və “Qobustan” rəqəmsal stansiyasında qeydə alınıb. Yer qatından çıxan palçıq 1 hektar əraziyə yayılıb.
Xatırladaq ki, bu vulkanın püskürməsi 1926, 1967, 1977, 2019-cu illərdə də müşahidə olunub. Bu vulkan həm seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşir və buna görə də burada təkrar passiv püskürmələr müşahidə oluna bilər. Bir neçə gün öncə Şamaxıda zəif yeraltı təkanlar qeydə alınıb. Tektonik hərəkətlər prosesində Yer qabığında sıxılma və gərilmə gərginliklərin variasiyaları müşahidə olunur ki, bu da palçıq vulkanlarının aktivləşməsinə təsir göstərə bilər. Martın 8-də baş vermiş püskürmə zəif olaraq xarakterizə olunur və heç bir fəlakətli nəticələrə səbəb ola bilməz.
Məlumatda qeyd olunur ki, 2019-cu il fevralın 5-də İsmayıllı rayonunda maqnitudası ml=5.2 olan güclü hiss olunan zəlzələ baş verib. Həmin zəlzələdən sonra Şamaxı-İsmayıllı ərazisində 10 gün ərzində maqnitudası ml≥3.0 olan afterşoklar qeydə alınıb. Həmin zəlzələdən sonra Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşən “Quşçu” palçıq vulkanının aktivləşməsi qeydə alınıb. 2019-cu il mayın 27-də yerli vaxtla 16:33-də Şamaxı rayonunda yerləşən Məlikçobanlı palçıq vulkanı püskürüb. Püskürmə nəticəsində kraterin hündürlüyü 10-15 metrə qədər qalxıb və yer qatından çıxan palçıq 2 hektar əraziyə yayılıb. Vulkanın təsirindən əraziyə yaxın torpaqlarda qabarma və çatlar əmələ gəlib. Evlərə və təsərrüfata ziyan dəyməyib.
Rəqəmsal stansiyaların məlumatları əsasında Məlikçobanlı palçıq vulkanlarının ocağın dərinliyi 5 kilometr, püskürməyin davamlılığı 1 dəqiqə, ayrılan enerjisi isə 3.4*106 Coul təyin edilib.