XƏBƏRLƏR / Məhkəmə

“Melissa Group” şirkətinin rəhbəri həbs edilib

Xətai rayon Məhkəməsində hakim Aygün Həsənova qərar verib

“Melissa Group” şirkətinin rəhbəri həbs edilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovla bağlı məhkəməyə təqdimat daxil olub.

    Təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.

    İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Qalib Məmmədova Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

    İttiham öz təsdiqini taparsa, təqsirləndirilən şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Cinayət işi üzrə iş icraçısı və ekskavotorun sürücüsü Eynullayev Qala Seymur oğlu da məsuliyyətə cəlb olunub. Ona da eyni ittihamlar verilib və Xətai rayon Məhkəməsinə onun barəsində təqdimat daxil olub. Yaxın vaxtlarda onun da barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılacaq.

    Xatırladaq ki, martın 27-də tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi ,Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb.

    Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

    Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.