BLOQ

Mədəniyyət qatarının çürük relsləri

35 ildir mədəniyyətdən yazıram, neçə nazir yola salmışıq...

Mədəniyyət qatarının çürük relsləri
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Deyirəm, bəlkə mən də öz münasibətimi bildirim? Axı 35 ildir mədəniyyətdən yazıram, Nura Suri və Almaxanım demiş, neçə nazir yola salmışıq.
    Nura Suri
    Almaxanım Əhmədli
    Düzü, o postda kim əyləşsə, “mədəniyyət qatarını” kim idarə eləsə, bəyənərdik - bilmirəm. Çünki sovetlərdən miras qalmış qurumların relsləri çürükdür, buna maşinist neyləsin?
    Hərgah, mədəniyyət ölkədə aparıcı strateji xətt sayılsa… birlik yarada biləcək ideya ortaya qoyulsa… bu sahəyə sərmayə yatırmağa hazır biznesə müəyyən güzəştlər edilsə… dövlətdən asılılıq azalsa… məmur ”kresloları” 4 ildən bir yeni fikirlərlə gələn adamlara oturacaq olsa… Yenə sayım? Kimdir oxuyan? Amma əslində, ən azı, bu sadaladıqlarım addımlar atılmasa, ha danış, ya ərizə yaz, ifşa elə, ya debat keçir, nə mənası?!

    Debat demişkən, Nazirliyin mətbuat xidməti, mənim əziz tələbə yoldaşım Aynur xanım məlum layihəyə dəvət almış sənətçilərin konkret şəxsə ünvanladıqları ittihamları niyə bütün nazirliyə şamil etdi, bilmirəm. Şəxsən mən, daha konkretəm, Laçında ikinci şəhər gününün keçirilməsinə məsul şirkətin əməkdaşı kimi konsert təşkilatçısı Mənzər xanımın necə işlədiyini müşahidə etmişəm. Və tam əminliklə yazıram: Bakı Abadlıq Xidmətinin yeni aranjimanla laçınlılara bağışladığı məşhur “Laçınım” mahnısı ilə 6 ifaçının hər dəfə səhnəyə çıxması üçün heç kim ona bahalı ətir verməyib. Növbəti şəhər günündə bircə xahişimizlə laçınlı aşıq Elvin Axundovu zəif aranjimanla dövlət tədbirinə saldı, buna da şahidəm. Adam bu sahəni o qədər əxz edib ki, bir neçə günə statuslu konsert proqramı qurur. İnanın ki, zülüm işdir, zülüm! Özünü çətin şərtlər daxilində təkbaşına yetişdirən, toylarda yarım saatına 5-10 min qonorar almaq həddinə çatınca 10 min dəfə qabıq qoyan - reklama, klipə, mahnıya, geyimə ətək-ətək pul xərclıyan hansı məşhur havayı, bircə fonoqramda ağzını açıb yummaq xatirinə bahalı məclisini, xarici səfərini, lap elə əyləncəsini atıb hər dəvətdə Qarabağa gələr? Bunları yola gətirmək üçün gərək diplomatiya akademiyası bitirəsən.

    Yaxşı, ildə neçə dəfə “yüksək səviyyədə” bayram konsertləri hazırlamağa gücü çatan, yeni siyasi mənzərədə Azərbaycan mədəniyyəti günlərinin aparıcı siması sayılan Mənzər xanım hərəkatdan kənarda qalmış incik sənətkarlar üçün niyə bu qədər şəffaf hədəfə çevrilib? Deyim?
    Ona görə ki, arasıkəsilməz tədbirlər silsiləsi mədəniyyətin bütün digər qollarını xeyli dərəcədə üstələyib. Və bu sürət yarışında təcrübə baxımından Mənzər xanımın bənzəri yoxdur. Bu qədər sadə.

    Nazirliklərin nümayişdən yaradıcılığa keçməsi üçünsə bir az daha dərindən düşünmək, gedər-gəlməzə aparan çürük relsləri dəyişmək lazımdır.

    Əgər qatar artıq getməyibsə…