Mərakeşdən İspaniyaya 60 min miqrant keçib, 24 nəfər ölüb
İspanyanı Şengen zonasında çıxarmaq istəyirlər FOTO/YENİLƏNİB
17:22
"Biz mövcud vəziyyəti müzakirə etmək üçün Avropa liderlərini bir araya gətiririk." Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, Aİ İspaniyanın Şengen zonasındakı üzvlüyünü dayandırmağı nəzərdən keçirməlidir.
O, artıq İspaniya ilə Şengen Sazişinin dayandırılmasını təklif edən İtaliya Baş naziri Meloni ilə danışdığını qeyd edib.
***
13:10
İspaniyanın Şimali Afrikadakı Seuta anklavına son 24 saat ərzində Mərakeşdən quru və dəniz yolu ilə təxminən 60 min miqrant daxil olub.
Bu barədə İspaniya rəsmiləri məlumat yayıb.
Məlumata görə, son günlər Seutaya keçməyə cəhd edən 24 nəfər ölüb.
İspaniyanın Baş naziri Pedro Sançes baş verənləri ölkənin ərazi bütövlüyünə qarşı "hücum" və "pozuntu" kimi qiymətləndirib. O bildirib ki, hökumət qanunsuz miqrantların mümkün qədər qısa müddətdə Mərakeşə qaytarılması istiqamətində iş aparır.

Qeyd edək ki, bu ay İspaniya Ali Məhkəməsi Seuta və Melilyaya dəniz yolu ilə keçməyə cəhd edən miqrantların fərdi prosedur aparılmadan dərhal Mərakeşə geri qaytarılmasının qanunsuz olduğuna dair qərar qəbul edib.
Rəsmi məlumatlara görə, son 24 saat ərzində Seutaya daxil olan miqrantların təxminən 7 mini azyaşlıdır.
Miqrant axınının artması fonunda İspaniya hökuməti Seuta və Melilyada təhlükəsizlik tədbirlərini gücləndirmək üçün hərbi qüvvələr yerləşdirib.
Pedro Sançes bildirib ki, Mərakeş hakimiyyəti qanunsuz miqrantların geri qaytarılması prosesində İspaniya ilə əməkdaşlıq edir. O, həmçinin Seutadakı vəziyyətlə yerində tanış olmaq üçün bölgəyə səfər edəcəyini açıqlayıb.
İtaliyanın Baş naziri Corcia Meloni Seutadakı görüntüləri "şokedici" adlandıraraq, nəzarətsiz miqrasiyanın Avropanın təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib. O, İspaniya ilə bağlı Şengen mexanizminin məhdudlaşdırılması imkanının nəzərdən keçiriləcəyini desə də, sonradan İtaliya Xarici İşlər Nazirliyi bunun İspaniyanın Şengen zonasından çıxarılması deyil, iki ölkə arasında tətbiq olunan qaydaların nəzərdən keçirilməsi ilə bağlı olduğunu açıqlayıb.
Finlandiyanın daxili işlər naziri Mari Rantanen Avropanın bütün ölkələrini İtaliyanın İspaniya ilə Şengen sazişinin fəaliyyətinin dayandırılması təşəbbüsünü dəstəkləməyə çağırıb.
Nazir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
"İspaniya Şengen zonasının xarici sərhədlərini miqrant axınından qorumaqda tam uğursuz olub. Bu cür davam edə bilməz. Bütün Avropa ölkələri Corcia Meloninin təklifini dəstəkləməlidir. Xarici sərhədlərin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməyən ölkələr Şengen zonasının iştirakçısı ola bilməzlər", – deyə Rantanen bildirib.

"Seutadan gələn görüntülər qəbuledilməzdir" – Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
"Qaydalarımıza əməl etmədən heç kimin Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik. Təhlükəli sərhəd keçidləri dərhal dayandırılmalı, qaçaqmalçılıq şəbəkələri dağıdılmalı və qeyri-qanuni miqrantların geri qaytarılması Aİ qanunvericiliyinə uyğun olaraq tez bir zamanda həyata keçirilməlidir", - deyə Avropa Komissiyasının prezidenti qeyd edib.
3 dəqiqə