Meral Akşener “Altılı masa”ya qayıdır
Bu gün o, CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşüb
Türkiyədə müxalif İYİ Partiyanın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşüb. Bu barədə partiyanın sözçüsü Kürşad Zorlu məlumat verib.
Görüş zamanı Akşenerin müxalifətin formalaşdırdığı "Altılı masa" siyasi blokuna qayıtmaq barədə razılıq əldə edilib.
Müxalifət liderləri bu gün keçiriləcək "Altılı masa"nın iclasında iştirak edəcəklər.
Qeyd edək ki, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş bu gün Akşenerlə görüşüb. Görüş İYİ Partiyanın qərargahında baş tutub. Yavaş və İmamoğlu Akşenerə təkliflərini təqdim ediblər. Təklif bundan ibarət olub ki, Türkiyənin yeni prezidenti müxalifətin namizədi olacağı təqdirdə, Yavaş və İmamoğlu prezidentin köməkçisi olacaq.
Bundan əvvəl İYİ Partiyanın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyinə etiraz edərək, "Altılı masa"nı tərk etdiyini bildirmişdi.