M.Ə.Rəsulzadə ilə bağlı Prezidentə müraciət edildi
Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin əsas yaradıcılarından olan M.Ə.Rəsulzadənin 140 illiyi gəlir

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün və onun əsas yaradıcılarından olan M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, tarix elmləri doktoru Nəsiman Yaqublu M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Hörmətli cənab Prezident! 2024-cü ilin yanvarın 31-də Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin əsas yaradıcılarından olan M.Ə.Rəsulzadənin anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə müvafiq sərəncam verib yubiley tədbirinin yüksək səviyyədə keçirilməsinə diqqət etməyinizi xahiş edirik.
Qeyd edək ki, bundan əvvəlki illərdə Sizin verdiyiniz sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Azərbaycanda və digər ölkələrdə təntənəli şəkildə qeyd edilmişdir.
Eyni zamanda verdiyiniz sərəncamlarla M.Ə.Rəsulzadənin, Ə.M.Topçubaşovun, Ə.Ağaoğlunun, Ə.Cavad və digər tanınmış xadimlərin də müxtəlif vaxtlarda yubileyləri keçirilib.
İnanırıq ki, belə diqqətli yanaşmanız nəticəsində M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin keçirilməsinə də şərait yaradılacaq.
Bu yubileylə bağlı verəcəyiniz sərəncamda M.Ə.Rəsulzadənin adının əbədiləşdirilməsi və onun zəngin irsinin yaşadılması ilə bağlı aşağıdakı problemlərin reallaşması vacibliyini də diqqətinizə çatdırırıq:
1.M.Ə.Rəsulzadənin Bakı şəhərində Nizami küçəsi 59 ünvandakı (İslam Səfərli küçəsi, 7 ilə kəsişdiyi yerdə) mənzili ev-muzey olaraq fəaliyyətə başlasın;
2.M.Ə.Rəsulzadənin doğulduğu, Bakının Novxanı kəndində olan, hazırda 7 saylı uşaq bağçası kimi istifadə edilən ev xatirə muzeyinə çevrilsin.
3.M.Ə.Rəsulzadənin mühacirətdə yaşadığı illərdə müxtəlif ölkələrdə yazdığı elmi, siyasi, ictimai, bədii yazıların toplanılıb nəşr edilməsinə imkan yaradılsın (qeyd edim ki, M.Ə.Rəsulzadənin Azərbaycanda yazdığı, professor Ş.Hüseynov tərəfindən hazırlanmış əsərləri dövlətin dəstəyi ilə 5 cildlik olaraq nəşr edilmişdir. Mühacirətdə yazdığı əsərlərin iki cildi professor N.Yaqublu tərəfindən nəşr edilsə də, sonrakı cildlərin toplanılıb nəşr edilməsinə ciddi kömək lazımdır).
Cənab Prezident! Belə bir məzmunda sərəncamı verəcəyinizə və M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin keçirilməsinə şərait yaradacağınıza inanır, Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə, Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professor,
Azərbaycan Xalq Cümhuriyyəti və M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı".