BLOQ

M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatşünaslığında yeri

Rəsulzadə – 140: “II Beynəlxalq Rəsulzadə Qiraətləri”

M.Ə.Rəsulzadənin Azərbaycan ədəbiyyatşünaslığında yeri
M.Ə.Rəsulzadə
  • Oxuma müddəti:

    9 dəqiqə

  • Məhəmməd Əmin Rəsulzadənin ədəbiyyat adamı və ədəbi tənqidçi obrazı “II... Qiraətlər”in daha 2 məqaləsində öz əksini tapıb. Tanınmış filoloq-alim, ədəbiyyatşünas, tənqidçi, elmi və ictimai fəaliyyətində daim xüsusi mövqeyi ilə seçilən filologiya elmləri doktoru, prof. İrada Musayeva “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan ədəbiyyatşünaslığında yeri və dəyəri” mövzusunda yazdığı iri həcmli məqaləsində, adından da göründüyü kimi, Rəsulzadənin məhz ədəbiyyatın nəzəri məsələlərinə həsr olunmuş əsərlərini öz tədqiqat hədəfi kimi seçmişdir. Hərçənd Rəsulzadənin hələ gənc yaşlarından ədəbiyyata gəlişinin bilavasitə poetik və dramaturji əsərlərlə bağlı olduğu da Müəllifin diqqətindən yayınmır. İlk baxışda bu məqalədə Hamlet İsaxanlının artıq təqdim olunmuş tədqiqatı ilə eyni məsələlərdən bəhs olunduğu təsəvvürü yarana bilər, amma elə ilkin nəzər kafidir ki, İradə xanımın Rəsulzadənin ədəbiyyatla bağlı irsinə tamam başqa, fərqli bir baxışı və yanaşması olduğunu görsün. Belə ki, məqalənin ilk yarımbaşlığından – “Ədəbiyyat və Əxlaq” və ilk cümləsindən Müəllif öz mövzu dairəsini təyin edir: “Rəsulzadə üçün ədəbiyyat və mətbuatın əsas təyinatı və qayəsi birbaşa Əxlaq, o cümlədən İctimai Əxlaq anlayışı ilə bağlı idi”.

    Digər başlıq – “Ədəbi tənqid” – altında İradə xanım Rəsulzadənin zamanın ictimai-siyasi, sosial-mədəni hadisələrini sistemli şəkildə izləyib təhlil etdiyi kimi ədəbiyyatda gedən prosesləri də həssaslıqla müşahidə etdiyini, XX əsrin əvvəllərində ədəbiyyatın zənginləşməsi, mövzu-ideya, forma-məzmun baxımından püxtələşməsi məsələsinə xüsusi diqqət ayırdığını və belə bir ədəbiyyata mütəxəssislər – ədəbiyyatşünaslar tərəfindən qiymət verilməsi tələbini irəli sürdüyünü vurğulayır. Rəsulzadənin XX əsrin əvvəllərində – çox böyük ictimai-siyasi, sosial-mədəni hadisələrin cərəyan etdiyi bir zamanda ədəbiyyatın missiyasını da ayrıca işıqlandırmağa çalışdığına diqqət çəkən Müəllifə görə “Rəsulzadə bu məqamda ədəbiyyat adamı, ədəbi tənqidçi və ədəbiyyat tarixçisi kimi çıxış edir. Ədəbi prosesin istiqamətini, funksiyasını, məqsəd və prinsiplərini praktika üzərinə gətirir. Konkret olaraq cəmiyyətin inkişaf dinamikasına ədəbiyyatın real təsir gücünü müəyyənləşdirə bilir və yazarlara yol göstərir”.

    İ.Musayevanın “Tərcümə sənəti”, “Azərbaycan ədəbiyyatı və ədəbi dili” və d. yarımbaşlıqlar altında apardığı dərin təhqiqat, Məhəmməd Əmin bəyin Nərimanovun ədib və dramaturq kimi yaradıcılığının təhlili ilə bağlı gəldiyi nəticələr, “Əsrimizin Səyavuşu” əsərində açıqladığı yeni çalarlar Rəsulzadəni tamamilə yeni bir müstəvidə görmək imkanı və qiymətləndirmək zərurəti yaradır. Müəllif tədqiqatını da belə bir sonluqla bitirir: “Məhəmməd Əmin Rəsulzadə qələm əhli kimi fəaliyyətə başladığı ilk dövrlərdən ömrünün sonunadək, harada, hansı şəraitdə və şərtlər daxilində olmasına baxmayaraq Azərbaycan ədəbiyyatşünaslığının yaranması və formalaşması prosesində fəal iştirak etmiş, müəyyən dövrlərdə və məsələlərdə bu ədəbi prosesi yönəltmiş, Azərbaycan ədəbiyyatı və teatr, musiqi sahələri daxil olmaqla ədəbi-mədəni tənqidin əsasını qoyan mütəxəssislərdən biri olmuşdur. Rəsulzadənin ədəbiyyatşünaslığa dair zəngin irsi, onun bu elm sahəsinə gətirdiyi yeni fikir və istiqamətlər dərindən və sistemli şəkildə araşdırılmalı və layiqli qiymətini almalıdır.”
    İradə Musayeva
    “II ...Qiraətlər”də daha bir ədəbiyyatçı alim, tanınmış ziyalı, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin məqaləsi isə tamam başqa bir xüsusiyyəti ilə cəlbedicidir: iki fitri istedad sahibi - artıq məşhur siyasi xadim və yazarla, yenicə siyasət və ədəbiyyat aləminə qədəm qoyan gəncin – Məhəmməd Əmin Rəsulzadə ilə Cəfər Cabbarlının siyasət və yaradıcılıq yollarının harada və necə kəsişdiyi nəzərdən keçirilir, olduqca maraqlı müqayisələr və bənzərliklər ortaya qoyulur. “Məhəmməd Əmin Rəsulzadə və Cəfər Cabbarlı: yaradıcılıq məcrasında” adlanan məqalədə göstərilir ki, gənc Məhəmməd Əminin və gənc Cəfərin yaradıcılıq münasibətləri hələ Rusiya İmperiyasına qarşı mübarizə illərində başlamış, Cümhuriyyət dövründə davam etmişdir. Onların hər ikisi bədii ədəbiyyata şerlə gəlmiş, müxtəlif ədəbi janrlarda qələmlərini uğurla sınamış, sənətkarlıq baxımından diqqət çəkən poetik nümunələr yaratmışlar, hər ikisi dramaturgiyaya meyl göstərmişdir. Müəllifə görə aralarında 15 il yaş fərqinə baxmayaraq eyni epoxanı övladları olduqları üçün, Azərbaycan cəmiyyətinin yaşadığı problemləri eyni gözlə görən hər iki xadim “qaranlıq” adlandırdıqları mühitdə “işıq” axtarmış və bu işığı yalnız öz yaradıcılıqları ilə deyil, əməli fəaliyyətləri və siyasi mübarizələri ilə yandırmışlar.
    Asif Rüstəmli

    Asif Rüstəmlinin özünün də ədəbi-bədii dildə və bir qədər poetik ruhda yazdığı bu məqalə oxunduqca zövq verir. Lakin bu tədqiqatın elmi əhəmiyyəti heç də XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai mühitinin iki görkəmli nümayəndəsinin yaradıcılıq yolunun araşdırılması, Rəsulzadənin artıq siyasi mühacirətdə ikən Cəfər Cabbarlının dramaturq kimi fəaliyyətini izləməsi, əsərlərinə, xüsusilə “Od gəlini” pyesinə fərqli şərhlərlə yanaşması və s. bu kimi təhlillər ilə məhdudlaşmır.

    Asif Rüstəmov bu məqalədə Rəsulzadəşünaslıq elminə yeni bir tapıntısı ilə həm də böyük töhfə verir. İndiyədək elmi ədəbiyyatda iddia edilirdi ki, Rəsulzadənin 1908-ci il dekabrın 5-də tamaşaya qoyulmuş "Qaranlıqda işıqlar" pyesinin əlyazması qalmamışdır. Onun nəşr edilmədiyi və bu məlumatların da yalnız dövrün mətbuatından alındığı kimi fikirlər də mövcuddur, biblioqrafik göstəricilərdə də bu əsərin adına rast gəlinmir. Lakin Prof. Asif Rüstəmli yeni aşkar etdiyi arxiv sənədinə istinadən bildirir ki, Məhəmməd Əmin Rəsulzadənin dörd pərdəli "Qaranlıqda işıqlar" pyesi böyük tirajla nəşr edilmiş, hətta qəza kitabxanalarına da göndərilmişdir. Belə ki, Azərbaycan Xalq Maarif Komissarlığı Ədəbiyyat və Mətbuat İdarəsinin müdiri Hənifə Terequlovun imzası ilə Gəncə Qəzasına ünvanlanmış iki səhifəlik “Qadağan olunmuş pyesaların isimləri” adlı sənəddə 40 əsərin – ( Nəcəf bəy Vəzirov “Ağa Kərim Xan”, Zülfüqar bəy Hacıbəyli “Əlli yaşında cavan”, Yusif Ziya “Köhnə Türkiyə və yaxud inqilab qəhrəmanları” və s.) arasında Məhəmməd Əmin Rəsulzadənin də “Qaranlıqda işıqlar” adlı əsərinin məhv edilməsi üçün göstəriş verilmişdir. Beləliklə, təxminən 1928-1930-cu illərə aid bu qərardan bəlli olur ki, M.Ə.Rəsulzadənin ərəb qrafikası ilə Cümhuriyyət dövründə yayınlanan "Qaranlıqda işıqlar" pyesi uzun illər Sovet Azərbaycanı kitabxanalarında mühafizə edilərək xalq tərəfindən oxunurmuş.

    Əsərin bu gün nə üçün tapılmadığının səbəbi də beləcə açıqlanır.

    Məqalədə bu arxiv sənədinin foto-surəti təqdim olunur. Prof. Asif Rüstəmlini yeni tapıntısı münasibətilə təbrik edir, bu məlumat və sənədin ilk dəfə məhz “II Beynəlxalq Rəsulzadə Qiraətləri” kitabında dərc olunmasından böyük məmnunluq duyuruq.