Quranda son ilahi vəhylər toplusu olan bu Kitabın mübarək Ramazan ayının gecələrindən birində - Qədr gecəsi nazil edildiyi bildirilir:
Rəhman və Rəhim olan Allahın adı ilə!
Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!
Qədr gecəsi min aydan daha xeyirlidir!
O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır (əmin-amanlıqdır)! (Qurani-Kərim, Qədr surəsi).
Ramazan ayının günlərini-gecələrini bir-bir geridə qoyub, nəhayət, Quranın nazil olduğu Qədr gecəsinə yetişirik. Ayədə deyildiyi kimi, “min aydan daha xeyirli” bir gecəyə. Min aydan daha üstün, daha faydalı bir gecə...
Nədir min ay? Min ay 83 il deməkdir. Yəni kamil bir insan ömrü. Başqa sözlə, Quranın nazil olduğu, bu ilahi Kitabın həyatımıza girdiyi, ruhumuza hopduğu bir gecə bir insan ömründən daha xeyirlidir!
Bu gecə Quranın nazil olmasıyla zülmət içərisində çaşqın həyat sürən bəşəriyyətin üzünə bir işıq saçmışdır: “Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) endirdik” (surə 4, ayə 174). “Elə isə Allaha, Onun Elçisinə və nazil etdiyimiz Nura (Qurana) iman gətirin!” (surə 64).
Qaranlıqda insan çaşqındır. Hara gedəcəyini görmür, büdrəyir, ora-bura dəyir, yıxılır. Birdən bu qaranlıq gecəyə qərq olmuş bəşəriyyət üçün bir nur açılır, işıq yanır. Bu nur həmin zülməti yarır. Qurana iman gətirənlərin, ona sarılanların qaranlıq qəlbində İlahi İşıq parlayır. Allaha imanla şölələnən sönməz bir işıq! Bununla insanın qarşısındakı yol aydınlaşır, artıq o, büdrəmir, ora-bura dəymir, yıxılmır. Artıq o, bu Kitabın nuru ilə işıqlanan aydın yolun başında Allahını görür və Ona doğru yola çıxır. Bütün bunlar Quranın insana endiyi bu nurlu gecədən başlanır. Qiymətsiz, əvəzsiz, bənzərsiz bir gecədən! Min aydan daha xeyirli olan bir gecədən...
Rəvayətlərdə bildirildiyi kimi, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən birinə təsadüf edir. İslam ənənəsinə görə, 18-dən 19-na keçən gecədən başlayaraq, ayın sonunadək imkan daxilində tək gecələri yatmayıb, ibadət içində keçirməyin olduqca böyük savabı, min aydan xeyirli ülviliyi var.
Rəvayət edildiyi kimi, Qədr gecəsinin daha çox ehtimal olunduğu vaxt Ramazan ayının 19, 21 yaxud 23 və ya 27-ci gecəsidir. Bunlar içində də ən çox ehtimal olunanı 23-cü gecədir. Hər halda, Allah bizləri bu gecənin hüdudsuz faydalarından bəhrələnənlərdən, bu gecəni bir ömürdən daha xeyirli keçirənlərdən və ömrümüzü bu gecənin nuru ilə işıqlandıranlardan qərar versin...
Mələklərlə bir arada...
Qədr gecəsi il boyu bircə dəfə əlimizə düşən əvəzsiz bir fürsətdir. Bu bir gecəni ibadətlə, dua ilə, xeyir-bərəkətlə keçirmək də min aydan daha xeyirlidir. Bu fürsəti əldən vermək olarmı? Bu gecəni yuxu ilə səhər etmək mümkünmü?..
Bu gecə “mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər” və bizlər onlarla bir arada olmaq imkanı qazanırıq. Qədr gecəsini mələklərlə, Ruhla birlikdə keçiririk. Etdiyimiz dualara “amin!” deyir mələklər. Allahın bütün qapıları üzümüzə açıqdır. Arxamıza baxıb, pis əməllərimizə görə peşman olmaq, onlardan çəkinmək, səmimi qəlbdən tövbə etmək, Allahdan bağışlanma diləmək üçün. İrəliyə baxıb, Allaha möhkəm sarılmaq, Onunla yaşamaq, iman yüksəlişi ilə saleh işlər görmək üçün... Allahla təkbətək görüşüb, bol-bol danışmaq, “dərdləşmək”, bütün istədiklərimizi Ondan diləmək, Onunla dostluq əlaqələri qurmaq üçün! Ona sığınıb, Ona yaxınlaşıb, Ona qərq olmaq üçün! Elə ona görədir ki, “o gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır, əmin-amanlıqdır!”.
İbadətlə keçirilən gecə
Quranın nazil olduğu gecə bir mənəvi yüksəliş gecəsi kimi Allaha xüsusi bir ibadətlə, dualarla keçirilir. Bu gecənin fəziləti məhz Quranın bu mübarək gecədə nazil olması ilə bağlıdır. Bu isə bir daha Qurani-Kərimin nə qədər dəyərli, nə dərəcədə əhəmiyyətli olduğunu açıq şəkildə nümayiş etdirir.
Allahla insan arasında möhkəm bir bağ olan Quran Allahın adı ilə başlayıb, insan sözü ilə bitir. Məhz insana endirilən bu Kitab insanları onun üzərində düşünməyə və ondan ibrət almağa çağırır:
“Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.” (surə 38, ayə 29).
Burada Allahı tanıma, Ona yaxınlaşma qaydaları, varlıq aləmi və yaradılışın mahiyyəti, eyni zamanda insanın insanlıq mahiyyəti və üzərinə düşən vəzifələri, onun Allah, özü və digər insanlarla qarşılıqlı əlaqələrini tənzimləyən mükəmməl konsepsiyalar göstərilir. Ramazan ayında oruc tutmaqla insanda bütün bunlara yaxınlaşma baş verir. Bu konsepsiya onun həyatına hopur, doğmalaşır və ruhu tərəfindən mənimsənilir. Bununla da ibadətlə keçirilən bu ay bütövlükdə həyatımızı ibadətlə keçirmə alışqanlığı yaradır. Bu baxımdan, Ramazan ayında tutduğumuz oruc bizlər üçün bir təqva məktəbi rolunu oynayır. Onun vasitəsilə bizlər mənən saflaşır, pis işlərdən uzaqlaşır, saleh işlərə yönəlirik. Qədr gecəsi isə bu İlahi Məktəbin son sinfidir. Elə bir sinif ki, burada Müəllimlə şagirdin səmimi bir ünsiyyəti yaranır. Necə də xoşbəxtdirlər bu sinifdən bəhrələnib, kamilləşənlər! Müəllimlə sıx təmasda olub, Onun dərslərindən lazımi faydaları əxz edənlər. Və bu dərsləri əla qiymətlərlə başa vuranlar...
Elşən Mustafaoğlu
İlahiyyatçı-alim, fəlsəfə doktoru