BLOQ

Məhəmməd Əmin Rəsulzadə - 140 il yaşayan Bani

Prezident İlham Əliyev Yeni il qabağı Azərbaycan xalqına müjdə verərək M.Ə.Rəsulzadənin 140 illiyi ilə bağlı sərəncamı imzaladı

Məhəmməd Əmin Rəsulzadə - 140 il yaşayan Bani
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Sərəncamda deyilir: “M.Ə. Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. M.Ə. Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.

    Bu sərəncamı alar-almaz, dərhal cənab Prezidentə təşəkkürümü, M.Ə. Rəsulzadənin Ev-Muzeyi Təşəbbüs Qrupu və bütün Azərbaycan xalqına təbriklərimi çatdırmaq istədim. Eyni zamanda cənab Prezidentə hissiyyat və təşəbbüsünə, bizimlə həmrəy olduğuna görə təşəkkürümü bildirməklə bərabər, onu Yeni - 2024-cü il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edirəm.

    Azərbaycan tarixində ilk dəfə olaraq ölkə torpaqlarını işğaldan tam azad etməklə ərazi bütövlüyünü bərpa edən Prezident İlham Əliyev böyüklüyünü bir daha nümayiş etdirməklə, Dövlətimizin əsas qurucularından olan Məhəmməd Əmin Rəsulzadəyə öz hörmət və ehtiramını nümayiş etdirərək sərəncamı ilə qərara aldı:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    Hörmətli hökümət məmurları, indi Sizin Azərbaycan Dövlətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadəyə olan hörmətinizi nümayiş etdirmək növbənizdir. Allah bu vacib işdə Sizə dəstək olsun!