XƏBƏRLƏR / Hadisə

Mərkəzi Asiyanın dörd ölkəsində birdən elektrik kəsilib

YENİLƏNİB

Mərkəzi Asiyanın dörd ölkəsində birdən elektrik kəsilib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 19:33

    Qırğızıstandakı Toktoqul Su Elektrik Stansiyasında (SES) iki hidrogeneratorun işinin dayanması Qazaxıstanda və qonşu ölkələrdə elektrik kəsintisinə səbəb olub.

    Qazaxıstan mediası xəbər verir ki, bu barədə ölkənin Vahid Elektrik Enerjisi Sisteminin operatoru olan "KEGOC" SC-nin mətbuat xidməti məlumat yayıb.

    Şirkətin məlumatına görə, avqustun 14-ü saat 14:37-də Toktoqul SES-də ümumi gücü 600 MVt olan iki hidrogeneratorun fəaliyyəti dayandırılıb. Bu, "Şimal - Şərq - Cənub" tranzit xəttinin həddindən artıq yüklənməsinə və Cənub zonasının Qazaxıstanın Vahid Elektrik Energetikası Sistemindən və Mərkəzi Asiyanın Birləşmiş Enerji Sistemindən (Qırğızıstan, Özbəkistan, Tacikistan) ayrılmasına səbəb olub.

    Nəticədə Qazaxıstanda Almatı, Jambul, Türküstan, Qızılorda və Jetısu vilayətlərində istehlakçıların bir hissəsi elektrik enerjisiz qalıb. Kəsilmələr həmçinin Qaraqandı, Ulıtau və Abay vilayətlərinə də təsir edib.

    Məlumata görə, yerli vaxtla saat 14:47-də "KEGOC" SC tərəfindən Qaraqandı, Ulıtau, Abay vilayətlərində, saat 16:26-da Almatı və Jetısu vilayətlərində, saat 16:34-də isə Jambul, Türküstan, Qızılorda vilayətlərində istehlakçıların enerji təchizatı tam bərpa edilib.

    "Texnoloji pozuntunun səbəbləri xüsusi komissiya tərəfindən araşdırılacaq", - şirkətdən bildirilib.

    ***

    17:04


    Qazaxıstanda “KEGOC” SC-nin xətti üzrə elektrik enerjisinin verilişi tam həcmdə bərpa olunub.

    Qazaxıstanın Energetika Nazirliyi xəbər verir ki, hazırda regional enerji təchizatı təşkilatları tərəfindən ayrı-ayrı istehlakçıların elektrik şəbəkəsinə mərhələli şəkildə qoşulması həyata keçirilir. Yaxın vaxtlarda elektrik enerjisinin verilişi tam bərpa olunacaq.

    Nazirlik, həmçinin bəzi sosial media səhifələrində Özbəkistanda elektrik enerjisinin verilişində yaranan fasilələrin Qazaxıstanın enerji sistemindəki qəza nəticəsində baş verdiyinə dair yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.

    Vəziyyət Energetika Nazirliyinin nəzarətindədir.

    ***

    15:57

    Mərkəzi Asiyanın dörd ölkəsində böyük elektrik kəsintisi baş verib.

    Regionun vahid elektrik şəbəkəsində baş verən böyük nasazlıq səbəbindən aşağıdakılar elektriksiz qalıb:

    Qazaxıstan: Almatı və Almatı bölgəsi (500 kV-luq yüksək gərginlikli xətlərin təcili açılması baş verib və qoruyucu avtomatlaşdırma işə salınıb).

    Qırğızıstan: Bişkek, eləcə də Çuy və İssık-Kul bölgələri.

    Tacikistan: Düşənbə, Kulob, Xocənd, Vəhdət, Nurek, Hisar, Şəhrinav və Roqun.

    Özbəkistan: Surxandərya və bir neçə digər bölgə.

    Qazaxıstan Energetika Nazirliyinin rəsmi məlumatlarına görə, regional elektrik şəbəkəsinin bir hissəsində baş verən nasazlıq zəncirvari reaksiyaya və elektrik enerjisinin kəskin artmasına səbəb olub, bundan sonra sistemləri qorumaq üçün bəzi xətlərin avtomatik açılması işə salınıb. Müvafiq qurumlar bərpa işləri aparır.

    Hal hazırda Qazaxıstanda mobil rabitə fasilələrlə işləyir, yollar xaos içindədir, yol kəsişmələrində hərəkəti polis tənzimləyir. Taksi qiymətləri dəfələrlə bahalaşıb.