XƏBƏRLƏR / İqtisadiyyat

Mikayıl Cabbarov: 4,7 mlrd dollarlıq müqavilələr imzalanacaq

Bu barədə iqtisadiyyat naziri İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumunun (PSF 2026) açılışında deyib YENİLƏNİB

Mikayıl Cabbarov: 4,7 mlrd dollarlıq müqavilələr imzalanacaq
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 11:15

    Bakıda İslam İnkişaf Bankı Qrupunun (Islamic Development Bank Group – IsDB Group) özəl sektor qurumları ilə Azərbaycan tərəfdaşları arasında bir sıra əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.

    Mərasimdə İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Korporasiyası (Islamic Corporation for the Development of the Private Sector – ICD) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (International Islamic Trade Finance Corporation – ITFC) çərçivəsində müxtəlif maliyyə, investisiya və kredit xətləri üzrə razılaşmalar əldə edilib.

    Tədbir çərçivəsində ilk olaraq İslam Korporasiyası (ICD) ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (State Oil Company of the Republic of Azerbaijan – SOCAR) arasında Azərbaycan üzrə maliyyələşmə, investisiya və məsləhət imkanlarının araşdırılması sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Saziş SOCAR-ın prezidenti Rövşən Nəcəf və ICD-nin icraçı direktoru vəzifəsini icra edən Xalid Əl-Abudi tərəfindən imzalanıb.

    Daha sonra İslam Korporasiyası (ICD) ilə Azərbaycan Biznesin İnkişafı Fondu (Azerbaijan Business Development Fund – ABDF) arasında 200 milyon manatlıq çərçivə “wakala” sazişi imzalanıb. Saziş Azərbaycanda özəl sektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə maliyyə institutlarına yerli valyutada kredit xətlərinin təqdim edilməsini əhatə edir. Sənədi ABDF İdarə Heyətinin sədri Ülvi Mansurov imzalayıb.

    Həmçinin, İslam Korporasiyası (ICD) ilə Türk İnvestisiya Fondu (Turkic Investment Fund – TIF) arasında 50 milyon ABŞ dolları həcmində çərçivə agentlik sazişi imzalanıb. Bundan əlavə, İslam Korporasiyası (ICD) və Azerconnect Group arasında 20 milyon ABŞ dolları həcmində birbaşa maliyyələşmə üzrə mandat məktubu imzalanıb.

    ICD çərçivəsində növbəti mərhələdə TuranBank ilə 15 milyon ABŞ dolları həcmində kredit xətti üzrə niyyət məktubu imzalanıb. Sazişin məqsədi Azərbaycanda özəl sektorun maliyyələşdirilməsinin genişləndirilməsidir.
    Daha sonra Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (International Islamic Trade Finance Corporation – ITFC) ilə Rabitabank arasında 10 milyon ABŞ dolları həcmində maliyyələşmə razılaşması imzalanıb.

    ***

    10:35

    Azərbaycan investisiya üçün çox cəlbedici məkandır.

    Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumunun (PSF 2026) açılışında deyib.

    “Biz ümumi dəyəri 4,7 milyard dolları ötən 32-dən çox saziş və Anlaşma Memorandumunun imzalanmasının şahidi olacağıq. Bu tədbirlər bu böyük illik toplantının yaddaqalan, maraqlı və məhsuldar olması məqsədilə böyük diqqət və peşəkarlıqla hazırlanıb. Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirir. 1992-ci ildə quruma üzv olduqdan sonra əməkdaşlığımız qarşılıqlı etimada, ortaq prioritetlərə və praktik nəticələrə əsaslanıb. Hər iki tərəf özəl sektorun inkişafına, ticarət maliyyələşdirilməsinə, infrastruktur layihələrinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, yaşıl keçidə və rəqəmsal transformasiyaya xüsusi önəm verir. Bu istiqamətlər, eyni zamanda Azərbaycanın milli iqtisadi inkişaf strategiyasının əsas prioritetləri sırasındadır", - deyə nazir qeyd edib.

    Nazir əlavə edib ki, iqtisadiyyatın şaxələndirilməsi əsas strateji məqsədlərdən biri olaraq qalır: “Biz emal sənayesi, kənd təsərrüfatı və qida emalı, logistika, bərpaolunan enerji, rəqəmsal texnologiyalar və ixrac potensialına malik digər qeyri-neft sahələrində böyük imkanlar görürük. Azərbaycanın təqdim etdiyi imkanlarla İslam İnkişaf Bankı Qrupunun maliyyə alətləri və geniş tərəfdaşlıq şəbəkəsini birləşdirərək həm kommersiya baxımından səmərəli, həm də inkişafyönümlü layihələrin həyata keçirilməsini dəstəkləyə bilərik. Bu imkanları maliyyələşdirilə bilən konkret investisiya layihələrinə çevirmək üçün Azərbaycan geniş dəstək mexanizmləri təklif edir. Bunlara vergi və gömrük güzəştləri, investisiyaların qorunması, güzəştli maliyyələşdirmə imkanları, həmçinin sənaye parkları və Ələt Azad İqtisadi Zonası kimi investisiyaya hazır platformalar daxildir. Eyni zamanda, Azərbaycanın ən böyük yenidənqurma proqramının həyata keçirildiyi azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da mühüm investisiya imkanları mövcuddur. Orta Dəhliz üzərində strateji mövqedə yerləşən bu platformalar Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiyanı birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu daha da gücləndirir”.