BLOQ

Milli ideya və milli məqsədlər haqqında

Azərbaycançılıq nədir?

Milli ideya və milli məqsədlər haqqında
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ictimaiyyətini milli ideyanın yeni məqsədlərini müzakirə etməyə çağırıb:
    “Bizim əsas milli ideyamız ərazilərimizin azad edilməsi idi... və biz buna nail olduq. Təbii ki, mənim gələcək inkişafla bağlı öz fikirlərim var və onlar bir çox hallarda həlledici olacaq. Ancaq istərdim ki, əsas milli ideyamız və gələcək inkişafımızla bağlı ideyalarımız cəmiyyətdə - siyasətçilər, politoloqlar, alimlər, ziyalılar arasında müzakirələr aparılsın. Yəni gələcək inkişafımızla bağlı əsas milli ideyalar nə olmalıdır. Bu, ictimai müzakirə mövzusu olmalıdır”.
     
    Bu mövzu ilə bağlı fikirlərimi qısa şəkildə ifadə etməyə çalışacağam.
     
    Azərbaycan xalqının milli ideyası - Azərbaycançılıq milli məqsədlər ətrafında möhkəmlənməyi nəzərdə tutur və Azərbaycan Respublikasının bütün vətəndaşlarına və başqa dövlətlərin vətəndaşı olmaqla, eyni zamanda digər etnik, dini və s. asılı olmayaraq özünü azərbaycanlı hesab edən insanlara şamil edilir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanı aşağıdakıları nəzərə alaraq layihələndirmişdir:

    • Azərbaycan ərazisində qədim zamanlardan bu günə kimi dövlətçiliyin tarixi davamlılığı;
    • XIX əsrdə və XX əsrin əvvəllərində milli fikrin təkamül inkişaf yolu;
    • müstəqilliyin ilk illərində yol verilmiş səhvlər və təhriflər;
    • habelə dövlətçiliyin inkişaf perspektivləri.
     
    Azərbaycançılıq subidentliklər (etnik, dini, cinsi və s.) üzərində siyasi xarakterli çətir identikliyi yaratmışdır. Azərbaycançılığın konstruktivliyi ondadır ki, heç bir subidentlik çətir identikliyi ilə ziddiyyət təşkil etmir, yəni azərbaycançılıq totalitar ideologiya deyil (düşmənlərinin təqdim etdiyi kimi), müasir milli dövlətin elastik ideoloji konsepsiyasıdır. Azərbaycançılıq hər kəsin öz yolunu seçərkən fərdiliyini, məqsəd və maraqlar birliyi çərçivəsində özü ilə cəmiyyət arasında münasibətləri nəzərdə tutur. Bununla yanaşı, cəmiyyətin parçalanmasına, təsir qruplarının formalaşmasına yönəlmiş xarici impulsları dəf etmək üçün resursları da məhz Azərbaycan yaradır. Məhz azərbaycançılıq və ümumi məqsədlər ətrafında möhkəmlənmə müstəqil, ardıcıl və prinsipial xarici siyasət həyata keçirməyə imkan verdi.
     
    Prezident İlham Əliyevin qeyd etdiyi kimi, milli ideyanın məqsədi Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyünün və suverenliyinin bərpası idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədə nail olundu!
     
    Milli ideyanın əsas funksiyası dəyişməz olaraq qalır - cəmiyyətin birliyini və möhkəmlənməsini təmin etmək. Azərbaycan isə 44 günlük müharibə zamanı effektivliyini nümayiş etdirən işlək milli ideyaya çevrildi. Hər şey vahid məqsədə tabe idi və bu, milli quruculuğun tarixi mərhələsini səciyyələndirən nəticə verdi.
     
    Qeyd etmək lazımdır ki, məqsədə çatmaq müəyyən riskləri ehtiva edir. Bu, vakuumun, mərkəzdənqaçma meyllərinin, apatiyanın yaranmasına gətirib çıxara bilər... Prezident İlham Əliyev də bunu qeyd etdi.
     
    Azərbaycanın yeni hədəflərini müəyyənləşdirərkən qeyd olunan riskləri, o cümlədən Azərbaycan cəmiyyətinin arzularını, xarici geosiyasi və geoiqtisadi vəziyyəti, dövlətin və cəmiyyətin resurslarını, texnoloji və iqtisadi imkanları, müasir dövrün etik prinsiplərini nəzərə almaq məqsədəuyğun olardı. 

    Göstərilən "süzgəc"ləri nəzərə alaraq, Azərbaycançılığın məqsədlərini əvvəllər olduğu kimi bir məqsəd deyil, məqsədlərin simbiozu hesab etmək olar:
    - təhlükəsizlik - Azərbaycan ətrafında təhlükəsizlik mühitinin yaradılması, müstəqilliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi;
    - iqtisadi inkişaf - dövlətin davamlı inkişafı, cəmiyyətin inklüzivliyi, vətəndaşların rifahının yüksəldilməsi və texnoloji sıçrayış;
    - Azərbaycanın beynəlxalq nüfuzunun artırılması - yeni dünya nizamı ilə bağlı qlobal müzakirələrdə iştirak;
    - Qarabağın bərpası - azərbaycanlıların və azad edilmiş şəhər və kəndlərə həyatın qayıtması.