XƏBƏRLƏR / Parlament

Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir

Müzakirələrlə Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir YENİLƏNİR

Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:09

    İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər, yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaq.

    Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

    Nazir bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənib. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də, ilk növbədə, bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur.

    S.Babayev əlavə edib: “2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur. Bu, Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə, azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik”.

    ***

    11:08

    Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirəyə çıxarılıb.

    Bununla bağlı parlamentin bugünkü plenar iclasının gündəliyinə 8 müvafiq qanun və qərar layihəsi daxil edilib.

    Müzakirələrlə Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.

    Gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.

    Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.

    2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.

    Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.

    Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.

    Büdcədə neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb.