XƏBƏRLƏR / Parlament

Milli Məclisin sədri Tacikistan Prezidenti ilə görüşüb

Bunu Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər YENİLƏNİB

Milli Məclisin sədri Tacikistan Prezidenti ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 20:50

    Tacikistan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüblər.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qonaqları salamlayan Tacikistan Prezidenti bu beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. O, Konstitusiyanın qəbulunun Tacikistanın inkişafında, o cümlədən ölkədə parlamentarizm ənənələrinin möhkəmlənməsində rolu haqqında danışıb. O, Konstitusiyanın qəbulunu ölkədə siyasi islahatların və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda ilk və davamlı addımlardan biri kimi qiymətləndirib.

    Emoməli Rəhmon, həmçinin ölkələr arasında əməkdaşlığın mühüm aspektləri, o cümlədən mədəni və tarixi oxşarlığa əsaslanan humanitar əlaqələr haqqında fikirlərini bildirib, ölkələrimizin qanunvericilik orqanlarının bu prosesin konstruktiv inkişafına ciddi töhfələr verə biləcəyini vurğulayıb.

    Söhbət zamanı parlamentlərin beynəlxalq və regional parlamentlərarası strukturlar çərçivəsində əməkdaşlığına da diqqət yetirilib.

    ***

    15:25

    Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-da Tacikistan Respublikasına işgüzar səfərə gedib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, səfər çərçivəsində Sahibə Qafarovanın Düşənbədə keçirilən “Tacikistan Respublikası Konstitusiyasının 30-cu ildönümü” beynəlxalq parlament konfransında çıxışı və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.