XƏBƏRLƏR / Parlament

Film istehsalının ƏDV-dən tam azad olması təklif edilib

Bu gün Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olunub

Film istehsalının ƏDV-dən tam azad olması təklif edilib
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Film istehsalını təşviq etmək üçün istehsalın ƏDV-dən tam azad olmasına getməliyik.

    Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

    "Dövlət sifarişi ilə çəkilən filmlərin həcmi barədə keçən il HP məlumat yaymışdı. Ola bilsin ki, film istehsalını təşfiq etmək üçün istehsalın ƏDV-dən tamamilə azad olmasına getməliyik. Bütövlükdə film istehsalının artması Azərbaycanda iqtisadiyyata müsbət təsir göstərə bilər", deyə deputat vurğulayıb.

    Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, Azərbaycanda kino sənətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri təklif edilir. Layihəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən film nümayişi sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin həmin şəxslərə geri qaytarılması, film istehsalı və dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri mənfəətinin 90 faizinin 5 il müddətinə mənfəət vergisindən azad olunması, film istehsalı və dublyajı fəaliyyətini həyata keçirən fiziki şəxslərin və filmin prodüserinin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin 90 faizinin 5 il müddətinə gəlir vergisindən azad olunması, film istehsalı və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələri və film prodüserlerinin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azad edilməsi, filmin istehsalı, yayımı və dublyajı aliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması və yaxud istifadə hüquqlarının verilməsinə görə, royalti gəlirlərinin 5 il müddətinə 14% dərəcə ilə ödəmə tətbiq edilən vergidən azad edilməsi təklif edilir.

    Vergi Məcəlləsinə dəyişikliklər qəbul ediləcəyi halda bu müddəalar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

    ***

    Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizi hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək.

    Bu, Vergi Məcəlləsinə təklif edilən yeni 102.1.30-1-ci maddədə əksini tapıb.

    Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək.

    Qeyd edilib ki, 01.01.2024-cü il tarixdən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin qüvvədə olan redaksiyasına əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərin 75 %-i gəlir vergisindən azad edilib. Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vardır ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər. Həmin şəxslər fərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən də istifadə edə bilmirlər. Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarların illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə ədalətli vergitutmanın tətbiq edilməsinin təmini məqsədilə həmin şəxslərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) gəlir vergisindən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif edilir.

    Vergi Məcəlləsinə dəyişikliklər qəbul ediləcəyi halda bu müddəalar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

    ***

    Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.

    Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Qeyd edilən xidmət sahələri aşağıdakılardır:

    - Proqram təminatının işlənməsi;
    -layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;
    - tərcümə xidmətləri;
    - reklam xidmətləri;
    - araşdırma və tədqiqat sahəsində fəaliyyət;
    - elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
    - Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
    - Jurnalistlərin fəaliyyəti;
    - Bazar konyukturunun öyrənilməsi;
    - Qiymətləndirmə fəaliyyəti;
    - Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti;
    - Turizm bələdçiliyi;
    - İxrac xidməti.

    Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad ediliib.

    Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.

    Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.