Minsk Qrupunun 1 sentyabrda ləğv edilməsi gözlənilir
Bunu NK-də keçirilən İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş iclasda Ceyhun Bayramov deyib

Ümumilikdə ABŞ-da sülh sazişin imzalanması əvəzinə məhz paraflanması Azərbaycanın mövqeyinin ardıcıllığını ortaya qoyur.
Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, ATƏT-in Minsk Qrupu və əlaqədar strukturlarının bağlanması ilə bağlı müraciət ATƏT ölkələri arasında yayılıb və 1 sentyabrda qərarın qəbulu gözlənilir.
Bundan başqa nazir bildirib ki, Prezident Trampın komandası 907-ci düzəlişin tam ləğvi üçün Konqreslə iş aparacaq. ABŞ Prezidenti Donald Tramp tərəfindən 907-ci düzəlişin ləğvi barədə sənəd Prezident İlham Əliyevin iştirakı ilə imzalandı.
Nazir bildirib ki, sülh sazişin paraflanmasında Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir:
“Türkiyə Azərbaycanın haqlı mövqeyini beynəlxalq müstəvidə dəstəkləyib, proses zamanı əlaqələndirilmiş və sinxronlaşdırılmış addımlar müsbət töhfə verib. Türkiyənin fəal mövqeyi sabitliyin təmin olunmasında vacib rol oynayıb. Öz növbəmizdə biz də görülən tədbirlər barədə Türkiyə tərəfini mütəmadi məlumatlandırır, davamlı sülh istiqamətində birgə addımlayırıq”.
Zəngəzur dəhlizindən danışan nazir vurğulayıb ki, "Bir hissəsi Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi Azərbaycan daxilində problemsiz əlaqəni və regional iqtisadi inteqrasiyanı təmin edəcək. Bu layihə həm də regional ticarət və nəqliyyat imkanlarını genişləndirəcək".