Mirzəli Quliyevin nəşinin qalıqları 32 il sonra dəfn olundu
O, 1992-ci ildə Xocavəndin Qaradağlı kəndində ermənilərin törətdiyi faciə zamanı itkin düşmüş sayılırdı FOTO
Xocavəndin Qaradağlı kəndində ermənilərin törətdiyi faciə zamanı itkin düşmüş sayılan Quliyev Mirzəli Müslət oğlunun nəşinin qalıqları 32 ildən sonra doğma kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Mirzəli Quliyev 1952-ci ildə Xocavəndin Qaradağlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində kəndinin müdafiəsində iştirak edib. Erməni hərbi birləşmələri kəndi işğal edən zaman Mirzəli Quliyev əsir götürülüb. Torpaqlarımız işğaldan azad ediləndən sonra onun nəşinin qalıqları Ağdam-Xocavənd rayonlarının sərhədində aşkarlanaraq şəxsiyyəti dəqiqləşdirilib.
Şəhidin nəşi bu gün doğma kəndi Qaradağlıya gətirilib, vida mərasimi olub, cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub.
Mirzəli Quliyevin nəşinin qalıqları Qaradağlı Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri iştirak ediblər.