Misli Premyer Liqasında XXXI tura start verilib
“Araz-Naxçıvan” “Turan Tovuz”la heç-heçə edib

20:56
Misli Premyer Liqasının XXXI turunun açılış oyununda "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə razılaşıb.
“Liv Bona Dea Arena”da baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Hesab 33-cü dəqiqədə açılıb. Qonaqların heyətində Faiq Hacıyev dəqiq zərbə müəllifi olub. Meydan sahiblərinin cavab qolu 53-cü dəqiqədə gəlib. İssuf Paro rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.
Naxçıvan təmsilçisi matçı azlıqda başa vurub. 77-ci dəqiqədə Vanderson Melo ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə meydandan qovulub.
“Araz-Naxçıvan” turnir cədvəlində 53 xalla üçüncü pillədə yer alıb. Dördüncü olan “Turan-Tovuz”un 48 xalı var.
Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.
***
09:13
Misli Premyer Liqasında XXXI tura bu gün bir oyunla start veriləcək.
Açılış matçında “Araz-Naxçıvan” Bakıda “Turan Tovuz”u qəbul edəcək.
“Liv Bona Dea Arena”da Əliyar Ağayevin idarə edəcəyi görüşün start fiti saat 19:00-da səsləndiriləcək.
“Araz-Naxçıvan” hazırda turnir cədvəlində 52 xalla üçüncü pillədə yer alıb. Dördüncü olan “Turan-Tovuz”un 47 xalı var.
Misli Premyer Liqası
IV dövrə, XXXI tur
18 aprel
19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Liv Bona Dea Arena"
Qeyd edək ki, tura aprelin 20-də yekun vurulacaq.