MN rəhbərliyi Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində
Nazir Zakir Həsənov şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olub
Müdafiə Nazirliyinin rəhbər heyəti Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.
MN-dən verilən xəbərə görə, döyüş mövqelərində xidmət edən şəxsi heyətlə söhbətlər aparılıb, onların qayğıları ilə maraqlanılıb.
Hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinin fasiləsiz və təhlükəsiz təşkili məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, hərbi hissələrin döyüş mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatlarının təhdidlərinə dayanıqlı mühəndis fortifikasiya qurğuları hazırlanıb.
Daha sonra təlim poliqonunda olan nazirliyin rəhbərliyinə məlumat verilib ki, burada bölmələrin döyüş hazırlığı planlarında nəzərdə tutulmuş təlim və məşqlərin real döyüş vəziyyətinə uyğun keçirilməsinə imkan yaradılıb.
Sonda müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin daha da artırılması, eləcə də silah və texnikanın səmərəli tətbiqinin öyrənilməsi ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.