"Moldova seçicilərinin əksəriyyəti Avropa yolunu dəstəklədi"
Bunu ikinci müddətə prezidentliyə namizədliyini irəli sürən Maya Sandu brifinqdə deyib
"Moldova vətəndaşları öz iradələrini ifadə etdilər, seçicilərin əksəriyyəti respublikanın Avropa yolunu dəstəklədi". Bunu ikinci müddətə prezidentliyə namizədliyini irəli sürən Maya Sandu brifinqdə deyib.
Oktyabrın 20-də keçirilən referendum çərçivəsində vətəndaşlar bir suala cavab verməli olublar: “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyanın dəyişdirilməsinin tərəfdarısınızmı?”. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrindən daxil olan protokolların 99,4%-i işləndikdən sonra seçicilərin 50,42%-i avrointeqrasiyanı dəstəkləyib, moldovalıların 49,58%-i isə əleyhinə çıxıb.
"Moldova xalqı öz iradəsini ifadə etdi və vətəndaşların əksəriyyəti Avropa yolunu dəstəklədi" - deyə Sandu vurğulayıb. O, həmçinin seçkilərdə və referendumda "tərəqqiyə gedən yolu xilas edən" hər kəsə təşəkkür edib.
Moldova Prezidenti siyasi debata özü ilə ikinci tura çıxan keçmiş baş prokuror Aleksandr Stoyanoqlonu da dəvət edib. “Bu həftə biz ölkəmizin gələcəyini necə gördüyümüz və hansı istiqamətdə inkişaf etmək istədiyimizlə bağlı ciddi müzakirələr aparmalıyıq. Komandam təşkilati məsələləri müzakirə etmək üçün komandanızla əlaqə saxlayacaq”, - deyə Sandu brifinq zamanı Stoyanoqloya müraciət edib.
“Bizə səfərbərlik lazımdır, qarşıda bizi başqa bir döyüş gözləyir. Referendumda “hə” deyənlərin hamısına müraciət edirəm... Məqsədimiz eynidir. Aramızda olan fikir ayrılıqlarını sonraya buraxaq”, - Sandu bildirib.
Bundan əvvəl Moldova Mərkəzi Seçki Komissiyası ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendumun necə keçirildiyi barədə Konstitusiya Məhkəməsinə hesabat göndərəcəyini açıqlamışdı. On gün ərzində Konstitusiya Məhkəməsi referendumun nəticələrini təsdiq və ya rədd edəcək. Referendumla paralel olaraq Moldovada prezident seçkiləri keçirilib, lakin prezident seçkilərində namizədlərin heç biri 50%-dən çox səs toplaya bilməyib. İki həftə sonra, noyabrın 3-də 2-tur baş tutacaq.
Maya Sandu 2020-ci ildən Moldovanın Prezidenti vəzifəsini icra edir və Avropaya inteqrasiya tərəfdarıdır.