Moldovada Avropa Siyasi Birliyinin II Sammiti işə başlayır
Sammit çərçivəsində İlham Əliyev, Nikol Paşinyan, Aİ Prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şols birgə görüş keçirəcək
İyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin ikinci sammiti işə başlayır.
Kişineudan 40 km uzaqlıqda yerləşən tarixi Mimi qalasında keçiriləcək sammitdə 47 Avropa ölkəsinin liderləri ilə yanaşı, Avropa İttifaqı (Aİ) qurumlarının rəhbərləri də iştirak edəcək.
Türkiyənin "Anadolu" agentliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da sammitdə iştirak edəcəyimi yazsa da, Ərdoğanın sözçüsüsü İbrahim Kalın andiçmə mərasimi ilə bağlı Türkiyə Prezidentinin sıx iş qrafiki ilə bağlı Moldovaya getməyəcəyini bəyan edib.
Rusiya və Belarus sammitə dəvət almayıb.
Avropa Siyasi Birliyinin ilk sammiti Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilib.
Avropa rəsmilərinin fikrincə, Ukraynadakı müharibə fonunda sammitin Moldovada keçirilməsi simvolik məna daşıyır.
Aİ rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ukraynadan sonra Rusiya Moldovaya qarşı müharibəyə başlayacaq.
Bu baxımdan Moldovada genişmiqyaslı tədbirin keçirilməsi Moskvaya bir növ mesajdır.
Moldova 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini elan edib. Lakin sonrakı dövrdə ölkənin şərqində yerləşən Dnestryanı bölgədəki rusiyapərəst separatçılar Rusiyanın dəstəyi ilə birtərəfli qaydada müstəqilliklərini elan etdilər.
Ukraynanın sərhəd zonasında silah-sursat saxlaması ilə bağlı iddialardan sonra fevral ayında Rusiya Federasiyası ABŞ, NATO və Ukraynanı Dnestryanı ilə bağlı “macəraçı” addımlara qarşı xəbərdar edib.
Fevralda Moldovanın Baş naziri Dorin Reçan Dnestryanı bölgənin silahsızlaşdırılmasının zəruriliyini bəyan edib.
Kremlin sözçüsü Dmitri Peskov da öz növbəsində deyib: “Rusiya və Moldova arasında çox gərgin münasibətlər var və Kişinyov anti-Rusiya isteriyasına sürüşür”.
Rusiya “sülhməramlılar” adlandırdığı qüvvələri Dnestryanıda yerləşdirib və regiondakı separatçıları dəstəkləmək üçün hər il milyonlarla dollar xərcləyir.
Bundan əlavə, Dnestryanıdakı Kobasna kəndində Rusiyanın İkinci Dünya müharibəsindən qalan ən böyük arsenalı var.
Aİ 23 iyun 2022-ci ildə Ukrayna və Moldovaya Aİ-yə namizəd statusu verib. Qərar 2022-ci ilin fevralında Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra verilib.
Avropa Siyasi Birliyinin sammiti çərçivəsində 4 dəyirmi masa, həmçinin bir çox ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək. Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərinin görüşü gözlənilir.
Görüş Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında Aİ prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə keçirilən danışıqlardan sonra danışıqların növbəti mərhələsi olacaq. Bu dəfəki görüş Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl İlham Əliyev və Paşinyan Brüsseldə, ardınca Moskvada bir araya gəlib. İyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk sammiti ötən ilin oktyabr ayında keçirilib. Bu sammit çərçivəsində Mişel və Makronun vasitəçiliyi ilə İlham Əliyev və Paşinyan arasında görüş baş tutub. Praqadakı müzakirələrdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə, hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.
Avropa Siyasi Birliyinin üçüncü sammiti 2023-cü ilin oktyabrında İspaniyada keçiriləcək.