Peskov Moskvada sənədlərin imzalanacağını təsdiqlədi
Kreml rəsmisi sənədlərlə bağlı detalları açıqlamayıb
15:00
Bu gün Moskvada keçiriləcək görüşdə Azərbaycan, Rusiya və Ermənistan arasında sənədlər imzalanacaq.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü olacaq. Bundan sonra biz Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüşün olmasını gözləyirik", - Peskov deyib.
O, danışıqların yekununda sənədlərin imzalancağını diqqətə çatdırıb. Kreml rəsmisi sənədlərlə bağlı detalları açıqlamayıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Tərəflər Moskvada bir araya gələcəklər. Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq.
***
“Kommersant”ın yazdığına görə, üç ölkənin baş naziri müavinləri tərəfindən hazırlanan nəqliyyat kommunikasiyalarının açılması barədə üçtərəfli sənəd imzalana bilər. Digər sənəd isə üç ölkənin xarici işlər nazirlikləri tərəfindən hazırlanan Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatı ola bilər.
Qəzet yazır ki, 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Rusiya tərəfinin vasitəçilik fəaliyyətini rəsmiləşdirən sənədlərin qəbulu Moskvaya görülən işlərin konkret nəticələri barədə danışmağa və onun Cənubi Qafqazdakı rolunu vurğulamağa imkan verir.