XƏBƏRLƏR / Qonşular

Xələf Xələfov Sergey Lavrovla görüşüb YENİLƏNİB

Bu barədə ölkəmizin Rusiyadakı səfirliyindən məlumat verilib

Xələf Xələfov Sergey Lavrovla görüşüb YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov aprelin 9-da Rusiyanın paytaxtı Moskvada işgüzar səfərdə olub.

    Bu barədə ölkəmizin Rusiyadakı səfirliyindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində X.Xələfov Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bu ölkə Prezidentinin köməkçisi Yuri Uşakov, Federal Məclisin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Andrey Rudenko ilə görüşlər keçirib.

    Görüşlərdə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin gündəliyi, AQEM-in institusional inkişafı və beynəlxalq təşkilata çevrilməsi, o cümlədən qarşılıqlı fəaliyyət planı müzakirə edilib. Həmçinin iki ölkə arasında müxtəlif səviyyələrdə konstruktiv dialoqun aparılması yüksək qiymətləndirilib. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı istiqamətində tədbirlərin, o cümlədən parlamentlərarası təmasların davam etdirilməsinin vacibliyi qeyd olunub. 2022-ci il fevralın 22-də imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin uzunmüddətli əməkdaşlıq üçün əsaslı zəmin yaratdığı vurğulanıb. Bu kontekstdə ikitərəfli münasibətlərin cari vəziyyəti nəzərdən keçirilib. Eyni zamanda, Cənubi Qafqaz və Xəzər regionunda davamlı sabitliyin və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi sahəsində birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

    Görüşlər konstruktiv və işgüzar mühitdə baş tutub.

    ***
    21:16

    08 aprel 2025-ci il

    Aprelin 8-də Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələfov Xələfovla görüşüb .

    2022-ci il fevralın 22-də iki dövlətin yüksək səviyyəli rəhbərləri tərəfindən imzalanmış Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiq əməkdaşlıq haqqında Bəyannaməyə uyğun olaraq, Moskva ilə Bakı arasında münasibətlərin mütərəqqi şəkildə möhkəmləndirilməsi üzrə gələcək fəal birgə işlərə qarşılıqlı sadiqlik təsdiq edilib.

    Siyasi dialoqun dərinləşdirilməsi və ticari-iqtisadi əməkdaşlığın artırılması məsələləri müzakirə edilib. Azərbaycanda Rusiyanın mədəni, humanitar və informasiya mövcudluğunun praktiki aspektlərinə xüsusi diqqət yetirilib.

    Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə işin vacibliyi qeyd edilib.

    Görüş iki ölkə arasında münasibətlər üçün ənənəvi olan səmimi və dostluq şəraitində keçib.