Moskvada üçtərəfli görüş VİDEO
Bu barədə Rusiya XİN-dən məlumat verilib
Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş başlayıb.
Rusiya XİN-in Qəbullar Evində keçirilən görüşdə Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan iştirak edirlər.
"Ümid edirəm ki, bu gün görüş konstruktiv atmosferdə keçəcək". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünün protokol hissəsində çıxışında bildirib.
O, Azərbaycan və Ermənistan XİN başçılarının birbaşa dialoqunun əlavə nəticələrə nail olmağa imkan verəcəyinə ümidini ifadə edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə deyib: “Ümid edirik ki, bugünkü danışıqlar səmərəli olacaq və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bütün məsələlər spektrini nəzərdən keçirməyə imkan verəcək”.
C.Bayramovun sözlərinə görə, rəsmi Bakı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə normallaşma prosesini ardıcıl olaraq dəstəkləyir.
“Düzgün şəkildə qeyd edildiyi kimi, postmünaqişə dövründə bu normallaşma müxtəlif istiqamətlərdən ibarət bir prosesdir. Biz bütün istiqamətlərdə paralel işin tərəfdarıyıq. İnanırıq ki, onlar bir-birini tamamlayır. Ötən ilin sonundan danışıqlar prosesində müəyyən durğunluq yarandığı müşahidə olunmuşdu. Biz mayın əvvəlindən danışıqlar dinamikasının ardıcıl və müsbət xarakter daşımasını müsbət qiymətləndiririk”, - C.Bayramov vurğulayıb.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə üçtərəfli görüş zamanı deyib ki, mümkün sülh müqaviləsi layihəsində bir neçə bəndlər üzrə razılıq əldə edilib.
Ararat Mirzoyan bildirib ki, bəzi məqamlarda, xüsusən də nəqliyyat və logistika kommunikasiyalarının açılması kimi aspektlərdə, eləcə də Ermənistanla Azərbaycan arasında 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində artıq anlayış yaranır.
“Hesab edirik ki, tərəflər sülh prosesinin parametrlərinin daha da konkretləşdirilməsi üzərində işləməlidirlər”, - A.Mirzoyan deyib.
Ermənistan XİN başçısı eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini qeyd edib.
Qeyd edək ki, Görüşdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, ictimaiyyət, ekspertlər və parlamentarilər xətti ilə təmasların qurulması daxil olmaqla üçtərəfli razılaşmaların həyata keçirilməsi predmetli şəkildə müzakirə olunur.
Üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüşün keçirilməsi də planlaşdırılıb.