Moskvada xəzəryanı dövlətlərin XİN rəhbərləri görüşür VİDEO
Görüşdə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan xarici işlər nazirləri iştirak edir
Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.
Rusiyanın XİN başçısı Sergey Lavrovun sədrliyi ilə keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu və Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak edirlər.
Tərəflər Xəzəryanı əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafı üçün yeni layihələrin həyata keçirilməsinə töhfə verəcək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) səmərəli istifadə etmək üçün səylər göstərir, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.
“Bu gün Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir, biz həmçinin yeni tankerlər və yük gəmiləri tikirik. Eyni zamanda, yük dövriyyəsinin həcminin 15 milyon tondan 25 milyon tona çatdırılması məqsədilə Ələt dəniz limanının müasirləşdirilməsi işləri aparılır. Bütün bunlar Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yüklərin sabit və operativ çatdırılmasını təmin etmək üçün əlavə imkanlar yaradacaq, eyni zamanda Xəzər dənizinin nəqliyyat potensialının artırılmasına mühüm töhfə verəcək”.
Tədbir çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovun həmkarları ilə ikitərəfli görüşləri gözlənilir.
Görüşün birbaşa yayımına burada baxmaq olar.