Motosiklet və moped sürücülərinin diqqətinə
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciəti yayıldı
Motosiklet sürücüsü çoxzolaqlı yolda qaydanı pozaraq avtomobillərin intensiv hərəkət etdiyi digər zolağa daxil olub və qəfil motosiklet yanıb. Ona kömək etmək istəyən minik avtomobilinin sürücüsü isə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Həmin hadisə ötün gün günorta saatlarında Heydər Əliyev prospektində Bakı metropoliteninin “Koroğlu” stansiyası istiqamətində baş verib. Nəticədə həmin sürücülərin törətdiyi qayda pozuntusuna görə paytaxtın əsas prospektlərindən birində ciddi sıxlıq yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində deyilir.
Müraciətdə daha sonra qeyd edilir: “Motosiklet və moped sürücülərinə qaydalara əməl etmələri ilə bağlı çoxsaylı müraciətlərimizə baxmayaraq, yollarda fürsət yaranan kimi “qaydanı pozum, heç bir problem olmaz” düşüncəsi ilə həmin nəqliyyat vasitələrini necə gəldi idarə edənlər az deyil. Həmin sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, müşahidə kameraları 24 saat işləyir və onların törətdikləri hər bir qayda pozuntusu nəzarətdən kənarda qalmır. Mərkəz olaraq növbəti dəfə moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə, digərlərinin həyatını təhlükəyə atmasına, eləcə də yollarda sıxlığın yaranmasına səbəb olmasınlar”.