Mübariz Mənsimov İstanbulda məktəb açdı
Bu barədə "Palmali Holding"in mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib
Bu gün Türkiyədə ilk rəsmi Azərbaycan tədris ocağı - Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun adına təhsil kompleksi açılıb.
Bu barədə ANS Press-ə "Palmali Holding"in mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib.
"Palmali Holding" şirkətinin prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun maliyyə dəstəyi ilə ərsəyə gələn, Azərbaycan ümumtəhsil proqramı əsasında fəaliyyət göstərəcək bu təhsil müəssisəsi İstanbulda yaşayan azərbaycanlı uşaqların üzünə qapılarını açıb.
Onların arasında ilk dəfə məktəb dəhlizlərində ayaq basan, oxumaq və yazmaq bilməyən 15 yaşlı uşaqlar da var.
Təhsil-tədris ocağı müvəqqəti olaraq Türkiyədə yerləsmiş azərbaycanlı ailələrin uşaqlarına bilik və savad verəcək.
İlk dəfə geniş dəhliz və siniflər görən balacaların sevinci hədsiz olub. Onlar sanki İstanbulda bir parça Azərbaycan görmüşdülər.
Bu uşaqların əksəriyyəti yarı zirzəmi qatlarında yaşayırlar. Bu tədris müəssisəsi onlar üçün təkcə bilik məbədi, yaşıdları ilə ünsiyyət qurmaq məkanı deyil, həm də ciyərdolusu nəfəs verən bir evdir.
İndiyədək dərnək nəzdində fəaliyyət göstərən Mübariz İbrahimov adına Azərbaycan məktəbi artıq rəsmi təhsil qurumu kimi fəaliyyət göstərəcək. Bu tədris ocağına 400-ə qədər şagird Azərbaycan dilində təhsil almaq üçün müraciət edib. Təkcə birinci sinfə 70-dən artıq uşaq yazılıb. Təhsil almaq istəyən ikinci sinif şagirdlərinin sayı 40-a çatıb. 15 yaşında olub oxumaq-yazmaq bilməyən 4 şagird var ki, onlar da 1-ci sinifdən başlamalı olublar. 9-cu sinif şagirdlərinin sayı da hər gün artır.
Ümumilikdə 11 sinif var. Yalnız 8 və 10-cu siniflərdə uşaq sayı azdır. Müəllimlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Naxçıvan Dövlət Universitetini bitirmiş müəllimlərdir. Yalnız bir nəfər Pedaqoji kollec bitirib ki, onun da Azərbaycanda 16 illik müəllim təcrübəsi var.
Təhsil qurumunun müdiri Aygün Həsənoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, filologiya üzrə fəlsəfə doktorudur. 4 elmi,1 publisistik, 8 ədəbi-bədii əsərləri olan kitabı, 2 fotoalbomu, 80-ə qədər elmi-publisistik məqaləsi nəşr edilib, 8 pyesi dövlət və özəl teatrlarında səhnə qoyulub.