Müdafiə naziri bu gün Türkiyəyə gedib
Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək
Z.Həsənov qardaş ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək. İki nazir Konya şəhərində yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov təlim çərçivəsində keçiriləcək "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.
"Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.