BLOQ

CAN ALAN MÜHARİBƏ UKRAYNADA, YOXSA AZƏRBAYCANDA GEDİR?

CAN ALAN MÜHARİBƏ UKRAYNADA, YOXSA AZƏRBAYCANDA GEDİR?
  • Oxuma müddəti:

    11 dəqiqə

  • Artıq bir aydan çox davam edən Rusiya ilə Ukrayna arasında savaşdan zərər çəkən qocalar, qadınlar və ən əsası uşaqların sayı milyonlarla hesablanır…  Onların hər birinin öz canlı, dəhşətli, fəryadlı hekayəsi var. Öz təcrübəmdən bilirəm - müharibəyə hazırlaşmaq mümkün deyil – o hər dəfə gözlənilmədən və xaincəsinə gəlir və cəmiyyətin ən zəif və həssas təbəqələrinə amansız zərbələr vurur. Zərbə deyəndə mən yalnız yaşayış binalarına dəyən raket zərbələrini nəzərdə tutmuram, eyni zamanda əsas diqqəti dövlət himayəsində olan xroniki xəstə və daim hökumətin qayğısına ehtiyacı və bir çox hallarda hətta möhtacı olan mülki insanlara çəkmək istəyirəm.
    Cəmi 1,5 milyona yaxın diabet xəstələrinin 190 mini insulin inyeksiyasından asılı şəkər xəstəsi və onlardan 10 minə yaxın 18 yaşa çatmamış şəkərli uşaqlar bu gün Ukraynada, demək olar ki, tam nəzarətsiz qalıblar. Beynəlxalq qanunlara əsasən cəmiyyətin bu həssas təbəqəsi bir çox ölkələrdə, o cümlədən Ukraynada təmənnasız insulin və test zolaqları ilə təmin olunmalıdır, lakin... 2022-ci ilin Mart ayından xəstələr, o cümlədən xəstə uşaqlar həyati əhəmiyyət kəsb edən dərman və ləvazimatlarla təmin olunmurlar. Müharibə ucbatından Ukraynanın digər nazirlikləri kimi Səhiyyə nazirliyi də müflis vəziyyətdədir və diabet xəstələrinə qayğı göstərmək, insulin paylamaq iqtidarında deyil. Bundan əlavə, müharibə şəraitində yaşayan Ukraynada bu gün ərzaq və dərman təchizatının ümumiyyətlə sıfra endiyini nəzərə alsaq, xəstələr insulini dükan və ya apteklərdən də ala bilmirlər. Humanitar böhran şəraitində hətta nisbətən asan malicə olunan xəstəliklər dərmansız və müalicəsiz ölümcül nəticə verə bilər. Lakin insulindən asılı diabet xəstələrinin yaşam vəziyyətini idarə etmək üçün gün ərzində saatbasaat qanda şəkər səviyyəsinin yoxlanması, insulinin vurulması və pəhriz saxlanılması artıq dərəcədə vacibdir. Bu insanlar kəndirbazlar kimi hər an qanda olan qlükozanın yüksək və aşağı səviyyələri arasındakı ipin üzərində gəzirlər və bir səhv addım ölümlə nəticələnə bilər.

    Bəs gündəlik insulin qəbul etməyən xəstə hansı fəsadlarla rastlaşa bilər? Çox şey hər bir xəstənin orqanizminin fərdi xüsusiyyətlərindən asılıdır. Amma 7 gün insulin qəbul etməyən diabet xəstəsi hiperglisemik və ya ketoasidotik komaya düşə bilər və sözsüz ki, bu vəziyyət olümlə nəticələnə bilər. Əsasən bu bədbin proqnoz daha zəif olan uşaq orqanizminə təsadüf edir. Belə ki, Rusiya-Ukrayna müharibəsi zamanı artıq rəsmi və qeydə alınan statistikaya görə, yüzlərlə uşaq artıq insulin çatışmazlığından dünyasını dəyişib.  
    Bu da müharibə baltasının kürəyi! Gördüyünüz kimi, müharibədə mülki əhali yalnız əks tərəfin amansız bombardmanından deyil, eyni zamanda dövlət strukturlarının və hakimiyyətin iflic olunması, cəmiyyətin zəif və həssas, xəstə təbəqəsinə dəstəyin olmaması nəticəsində də həlak olur.  Ən dəhşətlisi odur ki, həlak olanlar əsasən uşaqlardır. Uşaqlar isə hər bir millətin gələcəyidir. Allah onları qorusun!
    Azərbaycanda da belədir – bizdə də uşaqlar millətimizin gələcəyidir və təəssüflər olsun ki, bizdə də Ukrayna da olduğu kimi Mart ayının əvvəlindən indiyə qədər diabet xəstələrinə, o cümlədən uşaqlara Humalok (insulin), test zolaqları və Dövlətimiz tərəfindən xəstələrimizə təmənnasız verilməli olan bəzi preparatlar hələ də verilməyib. 
    Nə baş verir? Şükür Allaha ki, Azərbaycanda müharibə yoxdur və bütün dövlət strukturları və hökumət nazirlikləri, o cümlədən Səhiyyə Nazirliyinin əməkdaşları mütəmadi olaraq işə çıxır və buna görə aybaay maaşlarını alırlar.  Bəs onda niyə Azərbaycanda 18 yaşına qədər 1,600-dan çoxu uşaq olmaqla, 280 min insulindən asılı diabet xəstəsinə, 23 dekabr 2003-cü ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Mart ayının əvvəlindən dəstək tam şəkildə verilmir? Axı adı çəkilən qanunun 7.1. maddəsində  göstərildiyi kimi “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar”. Həmin qanunun 7.3. Maddəsində isə konkret olaraq yazılıb ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir" – yəni hər ay! 
    Onu da nəzərinizə çatrdırmaq istəyirəm ki, həmin qanunun 9-cu maddəsinə görə, “Bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar".
    Bu cür problemlərlə Azərbaycanın Səhiyyə Nazirliyi və ya TƏBİB adlanan qurum son vaxtlar tez-tez rastlaşır. Bəlkə problem vəsaitdədir? Ola bilməz! Axı 2022-ci ildən Azərbaycan hökuməti öz vətəndaşlarının, daha doğrusu, Azərbaycanın bütün hüquqi və fiziki şəxslərinin halal aylıq qazanclarından heç kimdən soruşmadan vergini iki dəfə çoxaldaraq əlavə 1% faiz də qopartdı. Yəni, keçən 2021-ci ilə qədər respublikamızın bütün hüquqi və fiziki şəxsləri 1% ödəyirdisə, 2022-ci ildən iki dəfə çox – 2% ödəyəcək! Bu o deməkdir ki, 2021-ci ildə Azərbaycan dövlət büdcəsi icbari sığortalara əhalidən vergi olaraq 1 milyard AZN-ə yaxın vəsait yığırdısa, 2022-ci ildə bu rəqəm iki dəfə qalxmaqla 2 milyarda yaxınlaşdı. Hələ mən Azərbaycan dövlət büdcəsində ayrıca ciddi yer alan Tibb xərclərinə ayrılan vəsaitdən dasnışmıram. Bəs bu vəsaitlər hara gedir? Mən şəxsən dünya maliyyə, vergi, ümumiyyətlə, fiskal qanunvericilik tarixində 2 dəfə vergilərin qalxma təcrübəsi ilə ilk dəfə rastlaşıram. Son vaxtlar dövlət qurumları hətta maliyyə hesabatlarını internetdə lazımi tərzdə, yəni rəqəmsal HTML və ya oxunan PDF formatında deyil, sənədlərin şəkillərini foto edərək qeyri-müəyyən bir adla dərc edirlər ki, şəkil kimi yerləşdirdikləri hesabatları jurnalistlər "google" axtarış sistemləri vasitəsi ilə tapmaq istəsələr belə aşkar edə bilməsinlər. Bu səbəbdən hansısa nazirliyin xərcləri haqda məlumat əldə etmək, demək olar ki, bu gün çox çətindir... Amma peşəkar jurnalistlər üçün yox.
    Buyurun, tanış olun, mövzu üzrə 2022-ci il Azərbaycan büdcəsinə dair sənədlər və rəqəmlər qarşınızda:

    “Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1 milyard 125,7 milyon AZN dövlət tərəfindən  hər  bir  vətəndaşın  sığorta  haqqının  İcbari  Tibbi  Sığorta  üzrə  Dövlət Agentliyinə ödənilməsinə və şəkərli diabet, xroniki böyrək çatışmazlığı, talassemiya və digər xəstəliklərlə mübarizə üzrə dövlət proqramlarının maliyyələşməsinə sərf olunacaq. Bu məbləğ səhiyyə xərclərinin 62,9 faizini təşkil edəcəkdir. İcbari tibbi sığortanın  tətbiqinə  yönəldiləcək  vəsaitin  məbləği 2021‐ci  ilin  təsdiq  olunmuş göstəricisi ilə müqayisədə 80,9 milyon AZN və ya 7,7 faiz  çoxdur. 
    1. İcbari tibbi sığorta xərcləri –  1 milyard 125,7 milyon AZN
    2. Koronovirus pandemiyası ilə mübarizə xərcləri –  350 milyon AZN 
    3. Poliklinika və ambulatoriyaların saxlanılması – 1,7 milyon AZN 
    4. Xəstəxanaların saxlanılması –  171,1 milyon AZN
    5. Səhiyyə sahəsində tətbiqi tədqiqatlar –  2,6 milyon AZN
    6. Səhiyyə sahəsində proqramlar və digər xidmətlərin maliyyələşdirilməsi –  137,5 milyon AZN”

    Nə baş verib axı, niyə vergilər iki dəfə artır və biz balalarımızın, qocalarımızın qeydinə qalaraq onları sevə-sevə veririk, amma şəkərli diabet və digər xəstəliklərə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının Qanunlarının tələbləri yerinə yetirilmir? Bəlkə ölkəmizdə xəstələrimizin sayı iki dəfə çoxalıb? Yoxsa tibb müəssisə və ya personalın sayı iki dəfə çoxalıb? Bəlkə tibb işçilərinin, fədakar həkim və ya digər tibb personalın maaşı 2 dəfə qalxıb? Nə olub, biz bu əlavə vergiləri nəyə görə ödəyirik? Kim bu suallara cavab verəcək və ya kim bu suallara cavab verməlidir? Niyə sadəlövh və vətənpərvər vergi ödəyicilərin tibbə və ya icbari sığortaya ayrılan milyonları saxta tenderlər, digər korrupsiya sxemləri və ya kiminsə villalarının tikintisinə getməlidir? Yuxarıda dərc etdiyim büdcə sənədində mənim ən xoşuma gələn iki bənd var. "5" və "6" - bu xərc pozisiyaları ilə nə istəyirsən silmək mümkündür. Ən acınacaqlısı budur ki, bu qeyri-müəyyən vədlər təxminən bütün xəstəxanaların saxlanılması vəsaitinə ("4") yaxın bir məbləğdir...Yenə də suallar yaranır, lakin bu suallara cavab verə bilən qurumlar Azərbaycanda var və orda da vətənini, Azərbaycanın gələcəyini sevən insanlar mövcuddur və onlar da uşaqlarımızın qan pullarından yararlanmırlarsa, bu məsələyə təcili surətdə son qoyulacağına inanmaq istəyirəm. 
    Vaxt gedir və Humalok (insulin), test zolaqları və xəstələrimizə digər yaşamaq üçün lazım olan dərman və ləvazimatları almaq üçün ailələr ayda 300 AZN-dək vəsait xərcləyirlər ki, bu da Azərbaycanda aylıq minimum əmək haqqına bərabərdir...

    Mənbələr: 
    https://www.diabetesatlas.org, https://www.who.int/, http://www.e-qanun.az/framework/46590, https://its.gov.az/, https://sehiyye.gov.az/