Heydər Əliyevin 100 il yaşayan rəngləri
Qüdrət, Müasirlik, Aydınlıq, Peşəkarlıq
Hər şey ANS-in zəngin arxivlərində səyahət edərkən başladı. Rastıma Heydər Əliyevin çox nadir bir şəkli çıxdı. Hardasa 1970-ci illərin sonu - 1980-cı illərin əvvəllərinə təsadüf edən bu fotoda Heydər Əliyevin inqilabçı təbiətinin rəngləri ilə rastlaşmaq olar. Bəli, bu tonlarda haqqında hədislər yazan yalançı heydərçilərin bizə illər boyu göstərdiyi Heydər Əliyev deyil. Bu, müasir, yaradıcı çılğınlığını gizlətməyə razı olmayan böyük bir sovetlər ölkəsinin rəhbərlərindən biridir! İnanmıram ki, bu gün Azərbaycanda və ümumiyyətlə dünyada bu cür rənglərə üstünlük verən, ton və yarım tonlara bu qədər diqqətli olan cəsarətli lider tapılar. Rəhmətlik Versacedən tutmuş, rəhmətlik Yudaşkinə qədər paltar seçimi ilə yaşayan bugünkü əcnəbi dövlət xadimlərinin tam blokadada olan sovetlərdə özü-özünə xidmət göstərən Əliyevin zövqünə çatmalarına hələ 100 il var. Mən, 1980-cı illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci mavini olaraq, Şah İsmayıldan sonra 250 milyon insana rəhbərlik edən unikal Azərbaycanlıdan danışıram.
Bu gün hamı bacardığı qədər 100 illik tarixi olan Heydər Əliyevin qeyri-adi rənglərlə boyanmış həyatının fərqli flomasterləri ilə nəsə yazmaq istəyir. Məni isə istisnasız olaraq tam Heydər Əliyev maraqlandırır, çünki həm onun həyatı, həm də yaradıcılığı ayrılmaz bir yolun yolçularıdır. Onun həyatında hər şey öz əksini tapıb - istər şəxsi taleyinin faciəvi dönüşləri, istərsə də ideyalarının təkamülü və fəlsəfi axtarışları. Heydər Əliyevi sevənlər və onu sevməyənlər var, lakin ona qarşı laqeyd olan adam mən hələ görməmişəm. Eyni zamanda “Heydər Əliyev millət üçün nə etdi?” sualına da qütblərarası ziddiyyətlər səviyyəsində cavablar mövcuddur. Kimsə onu “Ümummilli Lider” adlandırır, kimsə “KQB generalı”. Lakin hər iki tərəf onun Azərbaycan adlı "saleh"inin taleyimizi ciddi şəkildə silkələdiyini və artıq heç vaxt əvvəlki sakit və qapazaltı vəziyyətinə qayıtmayacağına inanır.
Bəli, Azərbaycanı, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, müsəlman fraksiyası yaratdı. Bəli, Azərbaycanın digər rəhbərləri ölkənin sərhədlərini, kənd təsərrüfatını, dilimizi və ümumiyyətlə, milliyyətimizi qorudular. Lakin problemlər qaldı. Məhz bu problemlərin həlli ilə Heydər Əliyev hakimiyyətə gəldiyi hər iki dövrdə ciddi və fundamental məşğul oldu! İlk gəlişində, 1970-ci illərdə itirilmiş Zəngəzur və Dağlıq Qarabağın əhalisinin azərbaycanlılar hissəsini 17% və Bakı əhalisinin azərbaycanlılar hissəsini 29% çoxaltdı. Xatırlayıram, hamı deyirdi ki, Heydər Əliyev Bakıya kəndliləri gətirir. Lakin 1990-cı ildə məhz bu “kəndlilər” Bakını və ümumiyyətlə Azərbaycanı xilas və müstəqil etdi. Məhz 70-ci illərdən başlayaraq Heydər Əliyev Azərbaycanı “aqrar bostan”dan ciddi sənaye dövlətinə çevirdi. Bakı, Mingəçevir, Sumqayıt və digər sənaye nəhəngləri yarandı. Mədəni-maarif işində ciddi irəliləyişlər oldu, teatr, kino, opera və balet daha da inkişaf etdi. Sovet hökumətinin külli miqdarda puluna “Babək”, “Nəsimi”, “Nizami” və s. epik bədii əsərlər yaratmaqla bu tarixi personajların adlarını beynəlxalq səviyyədə Azərbaycana bağladı. Bu gün də nə İranın, nə də digər iddialı ölkələrin bu dahilərə həsr olunmuş bədii filmləri var. Digər Sovet respublikalarında dissidentlər və milliyyətçi qüvvələri zindana salan rəhbərlərdən fərqli olaraq, Əbülfəz Əliyevi - Elçibəyi zindandan xilas etdi və bununla da ona 1990-cı ildə Azərbaycanda inqilabi xalq hərəkatına başçılıq etməyə imkan yaratdı. İlk olaraq, hələ Azərbaycanın müstəqilliyindən əvvəl Heydər Əliyev Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı kimi qəbul etdi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. Bundan əlavə, SSRİ-nın digər respublikalardan fərqli olaraq, bir güllə belə atılmadan Heydər Əliyev öz nüfuzu hesabına Sovet qoşunlarını Naxçıvandan çıxardı, Naxçıvanı tam müstəqil etdi! Bir müddət sonra Azərbaycan xalqının çağırışı ilə Bakıya gələn Heydər Əliyev ölkəni qardaş qırğınından xilas etdi, kiril əlifbasını ləğv edərək ADR-ın yaratdığı latın əlifbasını bərqərar etdi. Ölkənin ictimai, siyasi və iqtisadi problemləri ilə qarşılaşan Heydər Əliyev 1993-cü ildə ikinci dəfə ümumrespublika rəhbərliyinə qayıdanda Azərbaycanı federativ bölünmədən – “Artsax”, “Ləzgistan”, “Talış-Muğan” və s. respublikalarının yaranmasından xilas edərək, milli ziddiyyətləri cilovlayaraq məmləkəti tam bir DÖVLƏT olaraq qoruyub saxlaya bildi.
Azərbaycanın daxili problemləri ilə mübarizə edən Heydər Əliyev ölkənin xarici münasibətlərinə də ciddi diqqət yetirirdi. Dünya siyasətini müəyyənləşdirən bir sıra vacib dövlətlərlə paralel münasibətlər yaradaraq, bu gün də bəhrəsi ilə yaşadığımız “Əsrin müqaviləsi”ni imzaladı (təxminən 400 səhifə həcmində və dörd dildə tərtib olunmuş müqavilə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib) və Qarabağ torpaqlarında gedən və döyüşlərin heç də Azərbaycanın xeyrinə olmayan məğlubiyyət dinamikasının qarşısını alaraq ATƏŞKƏSə nail oldu və 20 mindən çox azərbaycanlının həyatını aparan müharibəyə və torpaqlarımızın gələcək itkisinə son qoydu! Heydər Əliyevin imza atdığı “Əsrin müqaviləsi” və atəşkəs sazişi nəticəsində 2020-ci ildə Azərbaycan xalqı, başda İlham Əliyev olmaqla, torpaqlarını geri ala bildi. Yeri gəlmişkən, bugünkü Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyev də Heydər Əliyevin danılmaz nailiyyətidir.
Qayıdıram ANS-in zəngin arxivindən tapdığım bu şəklə. Nə qədər rəngli, tonlar və ahənglərlə bol bir fotodur. Heydər Əliyevi əks etdirən bu fotodakı rəngarəngliyi əbədiləşdirmək üçün Azərbaycanda ilk Dəqiq Mexanizmlər İstehsal Edən VMF Saat Fabrikinə bu rənglərə uyğun saatlar istehsal etməyi təklif etdim və şükür Allaha ki, təklifim qəbul olundu! Məqsədim - Qüdrət, Müasirlik, Aydınlıq, Peşəkarlıq rəmzləri olan bu rəngləri hər bir Azərbaycanlıya dəri kimi yaxın etmək idi! Bu rəmzlər bu gün ANS-in illər əvvəl yaratdığı “”Döyüş alnınıza yazılıb” 2/216” ideologiyasının əvəzinə gəlməli və ölkəmizi müharibələrə və itkilərə deyil, inkişafa və iqtisadi sıçrayışa, nailiyyətlərə sövq etməlidir. Saatların siferblatına Heydər Əliyevin şəxsi imzasını yerləşdirməklə onun gələcək sahiblərinə bundan sonra Hər Saat Onu Düşünərək Azərbaycanımıza fədakarcasına 100 il qulluq etməyi arzu edirəm!