M.Xaçaturyan qızlarına qarşı zorakılıqda təqsirli bilinib
O, dörd il ərzində doğma qızlarına qarşı cinsi zorakılıq tətbiq edib

Moskvanın Butırski Məhkəməsinin üç hakimdən ibarət kollegiyası 2018-ci ildə öldürülən Mixail Xaçaturyanı öz qızlarına qarşı cinsi zorakılıqda və qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilib. Bundan əlavə, kollegiyanın qərarı Xaçaturyanın pornoqrafik materialların istehsalı və yayılmasında təqsirli olduğunu müəyyən edib. İttihamnaməyə görə, o, onları qızlarının rəfiqəsinə göndərib.
Cinayət işi təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar bağlanıb, lakin hökmlə onun təqsiri müəyyən olunduğu üçün reabilitasiyadan imtina edilib. Bu barədə "RBC"ya bacılardan birinin vəkili Aleksey Parşin məlumat verib.
Vəkilin fikrincə, məhkəmənin qərarı bacılara qarşı cinayət işinə və cinayət təqibinə xitam verilməsi barədə qərara təsir etməlidir.

Prokuror debat zamanı Mixail Xaçaturyanın bütün ittihamlar üzrə təqsirli bilinməsini istəyib. İş üzrə zərərçəkmiş kimi tanınan Xaçaturyan bacıları dövlət ittihamçısının vəsatətini dəstəkləyiblər. Müdafiə tərəfi hesab edir ki, Xaçaturyan 2014-cü ildə qızların anasını evdən qovduqdan sonra onların dörd il ərzində onun tərəfindən mütəmadi olaraq zorakılığa məruz qalması sübuta yetirilib.
Məhkəmə iki ildən artıq bağlı qapılar arxasında davam edib.
Xaçaturyan bacıları 2018-ci ildə atalarının meyiti Altufyevskoye şosesindəki mənzildə tapıldıqdan sonra saxlanılıblar. Müstəntiqlərin fikrincə, qızlar ona bıçaq və çəkiclə çoxsaylı zərbələr vurublar. Saxlanıldıqdan bir neçə gün sonra Moskvanın Ostankino Məhkəməsi qızları həbs edib, lakin sonradan onlar müəyyən hərəkətlərə qadağa qoyularaq istintaq təcridxanasından buraxılıblar. Qızlara mobil rabitədən və internetdən istifadə etmək, bir-biri ilə ünsiyyət qurmaq, cinayət işi ilə bağlı mediaya şərh vermək qadağan edilib. Bacıların vəkilləri iddia edirlər ki, onların əməlləri dəstə qətli kimi yox, özünümüdafiə kimi qiymətləndirilməlidir. 2020-ci ildə prokurorluq böyük bacılara qarşı ittihamları təsdiqləmişdi, lakin iş yenidən baxılmaq üçün geri qaytarılmışdı.