XƏBƏRLƏR / Rəsmi

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi olacaq

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi olacaq
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Fərmanda deyilir:

    “1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilsin.

    2. “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə” təsdiq edilsin.

    3. Müəyyən edilsin ki:

    3.1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (bundan sonra – səlahiyyətli nümayəndə) rəhbərlik edir;

    3.2. səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

    4. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirsinlər.

    5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

    Dövlət başçısı, həmçinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnaməni təsdiqləyib.

    Əsasnamədə Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyət istiqamətləri müəyyənləşib.

    Əsasnamədə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir.

    Səlahiyyətli nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

    Səlahiyyətli nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

    Əsasnaməyə əsasən, səlahiyyətli nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.

    Səlahiyyətli nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

    Səlahiyyətli nümayəndəlik Naxçıvan şəhərində yerləşir.

    Eyni zamanda əsasnaməyə əsasən, Səlahiyyətli nümayəndəliyin fəaliyyət istiqamətləri müəyyənləşib.

    Səlahiyyətli nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

    - müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının (bundan sonra – yerli icra hakimiyyəti orqanları) fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

    - müvafiq ərazinin davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı fəaliyyətini təmin etmək;

    - müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etmək;

    - Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

    Qeyd edək ki, Prezidentin Sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

    F.Nəcəfli bu təyinatadək Sumqayıt Texnologiyalar Parkının nəzdində yaradılan MMC-lərdən birində yüksək vəzifədə çalışıb.

    Belə ki, o, Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən Metaləritmə Zavodunun əsasında yaradılmış “STP AH” MMC-nin Müşahidə Şurasının üzvü olub.

    Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlarını verib. Qəbulda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasına hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılıb.

    Prezident İlham Əliyev tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin.

    Fuad Nəcəfli ona göstərilən yüksək etimada görə dövlətimizin başçısına təşəkkürünü bildirib və Prezident İlham Əliyevi əmin edib ki, bütün fəaliyyət dövlətimizin başçısının siyasəti üzərində aparılacaq, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcək.