XƏBƏRLƏR / Neft və Qaz

Neft qiymətləri son bir ayın maksimumuna yüksəlib

İnvestorlar ABŞ-İran münaqişəsinin gedişatını və Hörmüz boğazında dəniz gəmiçiliyinin təhlükəsizliyini qiymətləndirirlər

Neft qiymətləri son bir ayın maksimumuna yüksəlib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Yaxın Şərqdəki son inkişaflar və Hörmüz boğazı ilə bağlı davam edən qeyri-müəyyənlik fonunda birjalarda neft qiymətləri son bir ayın maksimumuna yüksəlib.

    İnvestorlar ABŞ-İran münaqişəsinin gedişatını və Hörmüz boğazında dəniz gəmiçiliyinin təhlükəsizliyini qiymətləndirirlər. Hazırda Londonun ICE birjasında “Brent” neftinin bir bareli 94 dollardan, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı xam neftin bir bareli isə 87 dollardan yuxarı ticarət edilir. Hər iki markalı xam neftin qiyməti gün ərzində 2,5 faizdən çox bahalaşıb. Hazırkı göstərici iyulun 24-dən bəri ən yüksək səviyyədir.

    İddialara görə, ABŞ ordusu İranla davam edən gərginlik fonunda neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək üçün Hörmüz boğazında gizli dəhliz yaradıb. Bir neçə həftədir davam edən əməliyyat çərçivəsində hər gecə Hörmüz boğazının cənub kanalından 15-20 neft tankerinin keçdiyi bildirilir. ABŞ rəsmiləri iddia edirlər ki, bu marşrutla Hörmüz boğazı vasitəsilə dünya enerji bazarlarına gündə təxminən 10 milyon barel neft çatdırılır.

    Bu göstərici müharibədən əvvəlki səviyyənin təxminən yarısıdır. Bunun qlobal neft tədarükündəki fasilələrin azaldılmasına əhəmiyyətli dərəcədə töhfə verdiyi qeyd olunur.

    Analitiklərin fikrincə, Yaxın Şərqdəki hücumların neft qiymətlərini dəstəkləyir, lakin bazarda güclü bir impuls olmadığı üçün qiymətdə güclü artım müşahidə olunmur. Sülh danışıqlarının gedişatı, eləcə də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman və İran arasında gərginliklə bağlı qeyri-müəyyənliklər fonunda neft qiymətləri tədricən daha da yüksələ bilər.

    BƏƏ-nin İranla bütün maliyyə və iqtisadi əməliyyatları dayandırması iki ölkə arasındakı gərginliyi yenidən ön plana çıxarıb. ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu və İranla heç bir danışıqların aparılmadığını desə də, İran boğazın bağlı qaldığını iddia edir. Bu ziddiyyətli açıqlamalar gəmiçilik trafikini də zəiflədib.

    Ekspertlər isə hesab edirlər ki, ABŞ-İran münaqişəsinin təsiri və Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənliklər səbəbindən neft qiymətləri yüksək səviyyədə ticarət olunmağa davam edəcək.