“Neftçi”nin U-15 Liqasında çıxış edən qapıçısı Nurəziz Əzizov Kürdəmir Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Klubdan verilən məlumata görə, buna oyunçunun Liqanın 15-ci turunda keçirilən “Ulduz Mingəçevir” - “Neftçi” matçının 37-ci dəqiqəsində rəqib komandanın hücumçusu ilə cərimə meydançası daxilində toqquşması səbəb olub.
Qarın boşluğundan bərk zərbə alan paytaxt təmsilçisinin futbolçusu həkimin göstərişi ilə əvəz olunub. Yolda simptomları üzə çıxan oyunçuya xəstəxanada edilən müayinələrdən sonra dalağın partlaması diaqnozu qoyulub.
Uğurlu əməliyyat keçirən N. Əzizov hazırda həkimin nəzarəti altında müalicəsini davam etdirir.