Neftimiz büdcə qiyməti ilə eyniləşdi
"Azeri Light"ın 1 barelə olan qiyməti 85,19 dollar təşkil edib
"Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,66 ABŞ dolları və ya 5,2% azalaraq, 85,19 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.