XƏBƏRLƏR / İctimaiyyət

Türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası olub

Beynəlxalq konfrans Xankəndidə keçirilib YENİLƏNİB

Türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası olub
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 14:15

    Xankəndi şəhərində "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda noyabtrın 14-də Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

    Bildirilib ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan nümayəndə iştirak edib.

    Tədbiri açıq elan edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirdikdən sonra plenar iclasın mövzusu ilə bağlı geniş nitqlə çıxış edib. Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi bildirib ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir.

    General-polkovnik Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının oynadığı roldan da ətraflı söhbət açıb.

    Vurğulanıb ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.

    Daha sonra tədbir digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam etmiş, sonda plenar iclasın yekun sənədi imzalanıb.

    ***

    11:48

    Prezident İlham Əliyev “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

    Müraciətdə qeyd olunub:

    "Hörmətli konfrans iştirakçıları,

    Sizi “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın açılışı münasibətilə Xankəndidə səmimi-qəlbdən salamlayıram.

    Qardaş ölkələri təmsil edən xüsusi xidmət orqanlarının nümayəndələrinin bu tədbirdə iştirakı təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsinə olan ümumi baxışımızın bariz göstəricisidir.

    Bugünkü tədbirin ölkələrimiz və bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunması mövzusuna həsr olunması təsadüfi deyil. Son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır.

    Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük.

    Zəngəzur dəhlizinin açılması ölkələrimiz arasında birbaşa və maneəsiz əlaqələrin qurulmasında mühüm rol oynayacaqdır. Bu layihənin reallaşması nəticəsində yükdaşıma həcminin çoxalması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Bununla belə, nəqliyyat qovşaqlarımızın artan rolu onları destruktiv qüvvələrin hədəfinə çevirir. Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, qaçaqmalçılıqla, eləcə də kritik nəqliyyat infrastrukturunun idarəetmə sistemlərinin iflicinə yönəlmiş kibertəhdidlərlə üzləşir.

    Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir. Məhz buna görə də xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi həyati zərurətə çevrilmişdir. Əsas nəqliyyat obyektlərinə, marşrutlara və ümumiyyətlə dövlətlərimizə qarşı planlaşdırılan pozuculuq aktları barədə fasiləsiz və operativ məlumat mübadiləsinin aparılması və birgə profilaktik tədbirlərin görülməsi olduqca vacibdir.

    Müvafiq kontekstdə tranzit xətlərimizdən istifadə etməyə cəhd göstərən terrorçu təşkilatların və cinayətkar qrupların destruktiv fəaliyyətinin qarşısının alınması üçün əlaqələndirilmiş əməliyyat tədbirlərinin hazırlanması və reallaşdırılması da prioritet fəaliyyət istiqamətləri sırasında yer almalıdır. Bu əməkdaşlıq kibertəhdidlərdən müdafiə, eləcə də nəqliyyat axınlarına nəzarət və monitorinq üçün qabaqcıl texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini də əhatə etməlidir.

    Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadi inkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir. Əminəm ki, bugünkü tədbir və ən əsası xüsusi xidmət orqanlarının daimi birgə işi ölkələrimizin təhlükəsizliyi, sabitliyi və rifahı ilə bağlı ümdə məsələlərin həllinə kömək edəcək, xalqlarımızın dinc və firavan inkişafına töhfə verəcəkdir.

    Bütün tədbir iştirakçılarını bir daha Qarabağda ürəkdən salamlayır, konfransın praktiki əhəmiyyətli nəticələrlə yekunlaşmasını arzulayıram!".