BLOQ

Nəriman Nərimanovun heykəlinin sökülməsinə sevinənlərə!

N.Nərimanov hətta M.Ə.Rəsulzadə ilə çiyin-çiyinə dayansaydı, Cümhuriyyət süqut etməyəcəkdimi?

Nəriman Nərimanovun heykəlinin sökülməsinə sevinənlərə!
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Nəriman Nərimanovun abidəsinin sökülməsi xəbərinə sevinənləri başa düşmürəm. Keçmiş SSRİ-də türk xalqlarına azadlıq və bərabərlik istəyən tatar Sultan-Qaliev ("sultanqalievşina"),başqırd Zəki Valitovla ("valitovşina") birlikdə Nərimanovun da adı ("narimanovşina") 1950-ci illərin ortalarına qədər siyasi ittiham idi.

    N.Nərimanov neytral qalsaydı, hətta M.Ə.Rəsulzadə ilə çiyin-çiyinə dayansaydı, Cümhuriyyət süqut etməyəcəkdimi? Sadəlövh olmayaq. Bolşeviklər hətta de-yure tanınmış, üstəlik özlərinin də müstəqil dövlət kimi tanıdıqları, Avropanın sevimlisi olan Gürcüstanı işğal etməkdən çəkinmədilər. Müttəfiqsiz, silahsız Azərbaycan bu Yəcuc-Məcuc ordusunun qarşısında necə dayana bilərdi? Həm də ortada "inqilabın" taleyi ilə bağlı Bakı nefti vardısa? Və Türkiyəni xilas etmək uğrunda Qurtuluş Savaşı başladan Mustafa Kamal Paşa da müəyyən yardımlar aldığı Sovet Rusiyası ilə daha sıx təmas qurmaq naminə "Azərbaycanı sovetləşdirməli, Gürcüstanı neytrallaşdırmalı, Ermənistanı əzməli"- deyirdisə...

    1920-ci ildə xalqımızın bəxti bəlkə də bir az gətirdi ki, bolşeviklər Azərbaycana Roma papasından daha katolik olan Əliheydər Qarayev, yaxud Mirzə Davud Hüseynov kimilərini deyil, N.Nərimanovu rəhbər təyin etdilər. Və səhv buraxdıqlarını da tez anladılar. Gerisi zatən məlumdur.

    Və nəhayət, Nəriman Nərimanov böyük yazıçı,dramaturq, maarifçi, ictimai xadimdir.

    XX əsrdə Azərbaycan milli İntibahının önündə gedən şəxsiyyətlərdən biridir. Əks-təqdirdə sovet mətbəxini bizim tarixçilərdən də qat-qat yaxşı bilən Heydər Əliyev Moskvanın sərt müqavimətini dəf edərək 1970-ci illərdə Bakının ən görünən yerlərindən birində N.Nərimanova heykəl ucaltmazdı.