XƏBƏRLƏR / Rəsmi

Nəsimi İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Prezident bununla bağlı Sərəncam imzalayıb

Nəsimi İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Qeyd edək ki, E.İbrahimov bu ilin noyabr ayının 12-də müvafiq sərəncamla həmin vəzifəyə təyin edilmişdi.

    Beləliklə, Elxan İbrahimovun Nəsimi rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyəti cəmi 47 gün sürüb.

    Elxan Oqtay oğlu İbrahimov 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.

    Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood”  şirkətlər  qrupunda  və  digər  holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.

    2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyətinin Aparatında başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

    Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Bu postdan 12 noyabr 2025-ci ildə azad edilərək Nəsimi İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

    Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var. 

    Qeyd edək ki, Elxan İbrahimov sovet dövründə Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.