Nitsada yaşayış binasında yanğın: 7 nəfər ölüb
Daha bir neçə nəfər yaralanıb, onlardan birinin vəziyyəti isə ağırdır
Üç uşaq və bir yeniyetmə daxil olmaqla, yeddi nəfər Nitsadakı (Fransa) yaşayış binasında gecə baş verən yanğında həlak olub.
“Reuters” xəbər verir ki, daha bir neçə nəfər yaralanıb, onlardan birinin vəziyyəti isə ağırdır. Yanğın Le-Mulen bölgəsindəki binanın 7-ci mərtəbəsində başlayıb, prokurorluq qəsdən yandırmanı mümkün səbəb kimi araşdırır. Yanğınsöndürənlər bildiriblər ki, onlar hadisə yerinə gələndə 7-ci mərtəbədəki mənzildə güclü yanğın başladığını görüblər.
“Nice-Matin” qəzetinin yazdığına görə, ölən 3 uşağın beş, yeddi və on yaşları olub.
Yanğından bir çox insan xilas ola bilib. Yanğın nərdivanının köməyi ilə binadan üç nəfər xilas edilib, alovun söndürülməsində isə 30-dan çox insan iştirak edib.