Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib
Norveçin ardınca İspaniya və İrlandiya da Fələstin dövlətinin tanıyacığını açıqlayıb
“On minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativi qoruyub saxlamalıyıq: iki dövlət, sülh və əmin-amanlıq içində yan-yana yaşamaq”, -Norveç Baş naziri Yonas Qar Störe deyib.
Baş nazir həmçinin vurğulayıb ki, Fələstinin tanınması uzun sürən və qəddar münaqişədə mövqelərini itirən mötədil qüvvələrə dəstək üçün zəruridir.
O, qərarın mayın 28-də qüvvəyə minəcəyini açıqlayıb: “Həmin gün bizimlə həmfikir bir sıra Avropa ölkələri də Fələstini rəsmən tanıyacaq”.
Qeyd edək ki, aprelin sonunda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Fələstinin mayın sonuna qədər bir neçə Aİ ölkəsi tərəfindən tanınacağını bildirmişdi. Hazırda Avropa dövlətləri arasında Fələstinin müstəqilliyi Bolqarıstan, Macarıstan, Kipr, Malta, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç tərəfindən tanınır.
Norveçin ardınca İspaniya və İrlandiya da Fələstin dövlətinin müstəqilliyini tanımaqlarına dair niyyətlərini təsdiqləyiblər.
Bu barədə "Reuters" məlumat yayıb.
İspaniyanın Baş naziri Pedro Sançez ölkəsinin 28 mayda Fələstin dövlətini tanıyacığını açıqlayıb.
Ümumilikdə Fələstini BMT-nin 193 ölkəsindən 143-ü müstəqil dövlət kimi tanıyır.
İsrail Norveç və İrlandiyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.