Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirilib
Tədbir “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunub

Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilib.
Əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edərək son iki ayda Xəzər regionunda müşahidə olunan inkişafın diqqətəlayiq olduğunu deyib. O bildirib ki, bu inkişafa Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh sazişi, Orta Dəhlizin inkişafında irəliləyiş, müxtəlif qlobal donorların cəlb edilməsi və investisiya səviyyəsinin yüksəldilməsi daxildir.
Əfqan Niftinin sözlərinə görə, ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış saziş təkcə siyasi sabitlik üçün sıçrayış deyil, həm də iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir. Onun fikrincə, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun və ya Zəngəzur dəhlizinin işə düşməsi ilə Cənubi Qafqaz əvvəlkindən daha çox inteqrasiya edəcək.
Sonra çıxış edən ABŞ Dövlət katibi müavininin baş müşaviri Kaleb Orr Cənubi Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla daha geniş Xəzər regionunun ABŞ-ın siyasət strategiyası üçün həssas nöqtə olduğunu deyib. Onun sözlərinə görə, bura Birləşmiş Ştatların investisiya qoymaq və qurmaq üçün mühüm strateji maraq kimi gördüyü bir sahədir.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub:
"Hörmətli tədbir iştirakçıları!
Sizi Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda ürəkdən salamlayıram.
Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.
Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir.
Biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır. Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir.
Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalara əsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir.
Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu. İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.
Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik.
İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".
Tədbirdə çıxış edən ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının nümayəndəsi Konor Koleman Xəzər regionunun xarici siyasət nöqteyi-nəzərindən strateji əhəmiyyətini vurğulayıb. O, ABŞ-ın regionda investisiya maraqları barədə danışıb. Regionda enerji və ətraf infrastruktur sahələrində investisiya imkanlarının olduğunu qeyd edib. O, bu baxımdan təmsil etdiyi qurumum prioritetləri və gələcək əməkdaşlıq imkanları barədə məlumat verib.
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin Xarici Əlaqələr üzrə baş direktoru Öztürk Selvitop çıxış edərək Türkiyə və Azərbaycanın icra etdiyi regional layihələrdən, Xəzər regionunun artan potensialından bəhs edib.
Qazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzəqaliyev Avrasiya regionunda logistika və nəqliyyat şəbəkələrinin inkişafının strateji əhəmiyyət daşıdığını deyərək bu sahədə bütün imkanlardan səmərəli istifadə etmək niyyətlərini açıqlayıb. O bu sahədə ABŞ şirkətləri ilə sıx əməkdaşlıq etmək və birgə layihələr həyata keçirmək istədiklərini vurğulayıb. Onun sözlərinə görə, Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” bu əməkdaşlıq üçün yeni imkanlar açır.
Tədbir panel müzakirələri və sual-cavab sessiyası ilə davam edib.