Ocaq başı hələ istidir, amma ölsək, bağışlayın!
Oktyabrın 22-də Şəki Çingiz Klubunda "Ölsəm... bağışla" filmi rəqəmsal restavrasiyadan sonra nümayiş etdirildi
22 Noyabr 1933-cü ildə Azərbaycanın maarifçi xanlar, füsunkar təbiət, elitar mədəniyyət və cəsarətli inqilabçılar diyarı olan Şəki şəhərində dünya kinosunun gələcək klassiki Rasim Mirqasım oğlu Ocaqov anadan olub. Uzun ömrü ərzində o, təkcə kinonu deyil, həm də ətrafdakı reallığı əbədi olaraq dəyişdirən 12 filmi rejissor, 11 filmi isə operator kimi çəkdi. Onun filmlərində həyata hedonist münasibət bəsləyən insanın mahiyyəti ilə bağlı sualların, mürəkkəb mövzuların və qeyri-ciddi personajların birləşməsi, yüksək və alçaq mövzular arasındakı sərhədləri qıraraq rejissor işinə məhəbbət də olan müxtəlif ideoloji düşərgələrin nümayəndələrini birləşdirilirdi.
Şəxsən mənim ruhuma və həyat tərzimə, eyni zamanda bir sıra tənqidçi və əksər tamaşaçıların diqqətini çəkən “Ölsəm... bağışla” – Rasim müəllimin səkkizinci filmi daha yaxın və doğmadır. İkinci Dünya müharibəsindən sonrakı humanizm, Roma kino mədəniyyətinin intibah dövrünün sənətkarlarına meydan oxuyan ifadəli kadrlar və ürəkaçan aktyorluq tərzi Azərbaycan kinosunda “oyun qaydalarını” əbədi olaraq dəyişdirməyi nəzərdə tutan yeni ustanın meydana çıxdığını nümayiş etdirdi. Məncə, Ocaqovun “Ölsəm... bağışla” filmi – “müharibədən heç vaxt qayıtmırlar” kimi essensialist düşüncələri baş qəhrəmanların ruhu, cismi və zehni arasındakı əlaqəni canlandırdığı bir əsərdir. Tale Rasim müəllimin filmlərində əsas rol oynadığı kimi onun bu rola seçdiyi aktyorlar da terminal dəyərlərin axtarışında kompozisiyanın obyektindən elementinə çevrilə bilir və bununla hekayənin konsekvensiyasını faciəvi şəkildə müsbət edir. Filmin operatoru, maestro Rafiq Qəmbərovun əksər səhnələri inqilabcasına işığa qarşı çəkməsi, ola bilər ki, kadr ardıcıllığına müəyyən ağ piqmentlər əlavə edirdi, amma düşünürəm ki, bu da rejissor və çəkim ustasının bədii hisslərinin dirçəlişi üçün görünən nur enerjisini qəhrəmanların həyəcan bağlarının enerjisinə çevirən mürəkkəb prosesin, fotosintezin tərkibidir.
O ki qaldı oyunçulara, bu başdan deməliyəm ki, filmdə aktyorluq işi heyrətamizdir! Ocaqovun tamamilə fatalist düşüncələrinin vizuallaşma roluna o, həyatda olduğu kimi, özlərini canlandıran Gülzar Qurbanova və Fəxrəddin Manafovu seçir. Demək olar ki əsərin vizuallaşmasında elə ən böyük uğur, məhz bu tandemin seçilməsi oldu. Brutal və sifətinin hər bir cizgisi ilə müharibədən gələn, amma hələ də cəhənnəmdən “qayıda“ bilməyən nakam Yusifin obrazını yaradan Fəxrəddin Manafovun sərt baxışı, qırxılmamış birhəftəlik saqqalı və emosional həqiqətləri çatdırmaq üçün də istifadə etdiyi “məxmər bas”ın inanılmaz gözəlliyinə baxmayaraq, o, xalis romantizmdən yaranmış böyük uşağa bənzəyirdi. Gülyanın obrazını canlandıran Gülzar xanım isə həqiqətən 18 yaşlı uşaq olsa belə, təsəllisiz və müdrük qadını, qanuni ərini atıb uşaqlıq yarının yanına qayıtmaq kimi özündə güc tapa bilən aslandır!
Talelərin bu tərzdə, yüksək estetik hoqqabazlıqla təsvir və təsəvvür edilməsini dünyada yalnız bir neçə Usta edə bilib və böyük fəxarət hissi ilə vurğulayıram ki, Azərbaycan da bu məktəbin banilərindən olub. Bu nöqteyi nəzərdən, jurnalistin “Rasim müəllim, niyə Sizin bütün qəhrəmanlarınızin sonu faciəli olur?” sualına Ocaqovun cavabı “… ona görə ki, onlar abırlı insanlardır!” olur.
İkinci Dünya müharibəsinin fəsadları üzərində qurulan romantik illüziyaların tədqiqi saydığım 1988-ci ildə çəkilmiş “Ölsəm Bağışla” filmi Ocaqovun ən incə tonlarla balanslaşdırılmış personajlarının qüsurlarını növbə ilə müşahidə edərək ayıq-sayıq şəkildə onların xarakterlərinin dərinliyini nəzərə aldığını görürük. Arzular və məyusluqlar...
2023-cü ildə Ocaqovun 90 illik yubileyini, ümidvaram ki, bütün Azərbaycan Xalqı, ən azı ölkənin Mədəniyyət və ya adından mədəniyyət subyektlərinə xas olan ifadələrin işləndiyi ocaqlar magistrın silinməz irisinə həsr olunmuş tədbirlər keçirəcək.
Niyə Azərbaycan xalqı? Ona görə ki, inkişafda olan Azərbaycan cəmiyyətində boya-başa çatan gənclər Azərbaycan rejissorlarının, operator, aktyorların və digər kino mütəxəssislərimizin dünya mədəniyyətinə verdiyi töhfə və texnologiyalardan xəbərdar olaraq bu yolu davam etdirmək istəsinlər və böyük kinoya gedən yollarını “ayaqyollari” deyil, mövcud Ocaq başından aparan cığır kimi qəbul etsinlər. Axı Ocaqovlar və Çingizlər olmasa belə, onların məktəbi var... Axı xoşbəxtliyimizdən mədəniyyətimizin Ocağı hələ də istidir və Oqtay Mirqasimov, Fəxrəddin Manafov, Gülzar Qurbanova, Zəfər Murtuzov, Rafiq Qəmbərov, Elbrus Vahidov kimi peşəkarlarımız var və onlara yol açmaq və onlardan vacib texnologiya və Mədəniyyət adlandırdığımız dəyərləri öyrənmək olar və lazımdır!
Niyə mədəniyyət ocaqları? Ona görə ki, adlarında maestro Rasimin soyadında olan Ocaq məhfumunun olmasına baxmayaraq, məclisimizə dəvət etdiyimiz AKİ (Azərbaycan Kino İttifaqı) və ARKİ-nin (Azərbaycan Respublikası Kino İttifaqı) rəhbərləri təşrif buyurmağa vaxt tapmadılar. Baxmayaraq ki, təşkilatçılar bütün xərcləri ödəyirdilər və həmin gün ölkədə heç bir vacib kino hadisəsi yox idi - nə AKİ, nə də ARKİ başqanları Rasim Ocaqova həsr olunmuş məclisi Azərbaycanın kino aləmində vacib hesab etdilər. Mən də onlardan hansınınsa üzvü idim (sözün düzü, AKİ və ARKİ arasında nəməlum səbəbdən yeri səhv düşmüş “R” hərfindən başqa bir fərq görmürəm) və ərizə verərək həmin təşkilatı tərk etdim!
Fürsətdən istifadə edərək, A”R”Kİnçilərdən fərqli olaraq, tədbirdə iştirak edən bütün Şəki fəhlə və kəndlilərinə, ziyalılara, İcra Hakimiyyəti rəhbərliyinə, Rasim Ocaqovun tədbirində iştirak etmək üçün vaxt tapıb Bakıdan gələn əziz dostlarım və həmkarlarım, sözün əsl mənasında millətimizin kino emalatxanasının Ustaları, Azərbaycan Dövlət Film Fondunun rəsmi nümayəndəsi Rəşad Qasımov, ANS Şirkətlər Qrupunun ANS TV və “Balans” Milli Rəqəmsal Bərpa Studiyasının rəhbərliyi - Sevda Həsənova (Böyük Seva), Elnara Mustafayeva və Samir Ağayevə, Azərbaycanda İlk Dəqiq Mexanizmlər İstehsal Edən VMF Saat Fabrikinin, başda Rəhbəri Orxan Məmmədov olmaqla, bütün kollektivinə, Çingiz Mustafayev adına Kinoteatrın sahibi olan “Dad” şirkətinin rəhbərliyi - Mehriban Məmmədova və Xatirə Əkbərova başda olmaqla, bütün kollektivinə dərin təşəkkrümü bildirirəm. Allah Sizi qorusun!
Təşkilatçıların filmin nümayişinə jurnalistləri qəsdən dəvət etməməsi məclisin daha səmimi və dogma ev şəraitində keçməsinə nail olmaq arzusundan irəli gəlirdi. Elə də alındı. Lakin İTV telekanalının peşəkar komandası premyera barədə hardansa məlumat əldə edərək bizim qonağımız oldu. Daim digərlərdən milli adət-ənənələrimizə və Azərbaycan Mədəniyyətinə xüsusi qayğı ilə yanaşan İTV kanalı xoş gəlib səfa gətirdi. Gülnarə Kərimova başda olmaqla, onlara da dərin təşəkkürümü bildirir və fədakarlıqları qarşısında baş əyirəm!
Tədbir qurtardı. Məndən hamı soruşur ki niyə bu tədbir məhz Şəkidə və məhz Çingiz Mustafayevin adını daşıyan kinoteatrda keçirildi? Cavabım çox sadədir – Rasim müəllim və Çingiz həyatda böyük dost idilər. Rasim müəllim hətta Çingizi 1987-ci ildə çəkdiyi “Özgə ömür” filmində çəkərək onu böyük aktyor görmək istəyirdi. Lakin Ocaqov yaradıcılığının leytmotivi olan cənab Tale fərqli yol seçdi və bu iki Azərbaycanlı Vətən üçün daha çox iş görə biləcək halda dünyalarını dəyişdil… və bizə yalnız “Ölsəm... bağışla” ifadəsini sovqat etdilər…
Allah Sizə və bizə rəhmət eləsin!