Ombudsman Meşəli qatilinə baş çəkib
Vaqif Xaçaturyan iyulun 29-da Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva iyulun 29-da Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyana baş çəkib.
Ombudsmanın İşgəncələrin Qarşısının Alınması üzrə Milli Preventiv Qrupunun nümayəndələrinin, həmçinin həkim və psixoloqların iştirakı ilə keçirilən qəbulda Xaçaturyan saxlanıldığı andan ona göstərilən humanist rəftardan və yüksək keyfiyyətli tibbi yardımdan məmnunluğunu bildirib, səhhətində müsbət dəyişiklikləri qeyd edib. Buna, eləcə də saxlanma şəraitinə və rəftarına və ailəsi ilə əlaqə saxlamaq imkanına görə Xaçaturyan Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, həmin şəxsə münasibətdə də heç bir fərq qoyulmadan milli qanunvericiliyə və beynəlxalq sənədlərə uyğun olaraq hüquqlarının, lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, palatasında bədii ədəbiyyat və lazımi informasiya materiallarının olması müəyyən edilib.
Qəbul edilmiş şəxsə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dilində qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmana və 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.
Başçəkmə çərçivəsində qəbul edilmiş həmin şəxslə bağlı məlumatlar, video və fotoşəkillər müvafiq beynəlxalq qurumlara da göndərilib.