Ön xətdə xidmət edən hərbçilərin qışa hazırlığı VİDEO
Müdafiə Nazirliyi xəbər verir
Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə döyüş hazırlığı planına əsasən təcrübəli zabitlər tərəfindən dərs və məşğələlər keçirilir. Bu da döyüş hazırlığı ilə bərabər, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının da yüksəldilməsində əsas rol oynayır.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində və müdafiə mövqelərində xidmət aparan şəxsi heyətin sağlamlığı vacib amil olduğundan xəstəxana və tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün profilaktik tədbirlər görülür. Bütün bunlar da soyuq havalarda virus infeksiyalarının və yoluxucu xəstəliklərin tez bir zamanda qarşısının alınmasına şərait yaradır.
Vətən torpaqlarını qoruyan əsgərlərimizin nümunəvi xidməti üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb. Qəhrəmanlıq və mübarizlik ifadəsini özündə təcəssüm etdirən, torpaqlarımızı işğaldan azad etmək kimi ən şərəfli missiyanı uğurla tamamlayan Azərbaycan əsgəri xidmətinin nə qədər məsuliyyətli və qürurverici olduğunu dərindən dərk edir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə doğma torpaqlarımızı azad edən Azərbaycan əsgəri daim dövlət-xalq-ordu birliyindən güc alaraq Vətən torpağını şərəflə qorumaq və bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmək əzmindədir.